Türkiyəli professor: “Səlim Turan Parisdə çox məşhur idi” - MÜSAHİBƏ

Türkiyəli professor: “Səlim Turan Parisdə çox məşhur idi” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 dekabr 2015 09:40 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. 1953-cü ildən Parisdə Əlibəy Hüseynzadənin rəssam oğlu Səlim Turanla yaxın dostluğu olmuş professor Aykut Kazancıgilin APA-ya müsahibəsi

- Səlim Turanla dostluğunuz nə vaxt başladı?

- O dönəmdə Parisdə yaşayanlarla bağlı ən maraqlı əhvalatlardan biri Səlim Turanın evində baş verdi.

- Hansı dönəmi nəzərdə tutursunuz?

- 1950-ci illərin əvvəlləri. Səlim bəyin evində söhbət edərkən solçu gənclərdən biri dedi ki, onsuz da burada rəssamlığı aristokratlar təmsil edir. Niyə? Çünki biri Rəşid paşanın nəvəsi, o biri isə Molla Güraninin nəvəsi. Nədir onun adı? Məşhur o rəssamın adı nə idi?

- Nazmi Ziya Gürani.

- Bəli. Qonaqlardan biri Səlimdən soruşdu ki, sən bu barədə nə deyirsən? Səlimin cavabı bu cür oldu ki, əfəndim, burada bir az yanlışlıq var. Çünki onlardan biri zəngin, o biri isə yoxsul dönəmə aiddir. (Gülür – APA.)

- Səlim bəy 1947-də Fransaya gedəndən sonra kimlərlə işlədi?

- Hər yerdə çalışdı, müəyyən bir yerə yapışıb qalmadı.

- Səlim bəy Parisdə təhsilini davam etdirmək işləyirdi?

- Muzeylərdə işləyirdi, tanınmış adamlarla işlər görürdü. İncəsənət Akademiyasını burada bitirib getmişdi. İstanbulda Qalatasaray liseyini bitirdiyinə görə fransız dilini çox yaxşı bilirdi. Bir neçə ildə Fransada çox məşhur oldu. Məsələn, 1953-də Parisdə çıxmış rəssamlar ensiklopediyasında Səlim barədə yazı və onun fotosu var. Yəni, o illərdə artıq məşhur idi. Qalereyaların sifarişi ilə tablolar çəkirdi. Bir çox meydanın, məsələn, Lill meydanının kompozisiyasını o vermişdi. 1958-də Türkiyə hökumətinin Brüsseldə təşkil etdiyi sərgidə tablosu nümayiş etdirildi. O tablo məndədir.

- Özü vermişdi, yoxsa pul verib almışdınız?

- Almışdım. Ondan sonra... Orada məşhur bir adam idi. Amma türk hökuməti onu sevmirdi.

- Niyə sevmirdi, sol dünyagörüşlü olduğuna görə?

- Xeyr, əfəndim. O bir aristokrat adam idi. Barmağı şikəst idi, silah tuta bilmədiyinə görə onsuz da əsgərliyə gedə bilməzdi. Amma bunu hökumətə demirdi. Ona görə uzun müddət Parisdə qaldı. Bilirsiniz ki, sonra Türkiyədə o işi həll etdilər. O da buraya gəldi.

- Vətəndaşlıqdan çıxarmışdılar?

- Xeyr, xeyr.

- Gəlməsinə prezident Fahri Korutürk icazə verdi?

- Bəli, o icazə verdi.

- Türkiyənin rəsm bazarında Səlim bəyin məşhurlaşması 1980-ci illərin əvvəlinə təsadüf etdi?

- Olurmu, canım? 1950-ci illərdə məşhur idi yahu...

- O vaxt Parisdən buraya tablo göndərə bilirdimi?

- Təbii, tabloları gəlirdi, özü də burada çox məşhur idi. Məşhur doktor vardı, Nejat Harmancı, hələ o vaxtlar onun evində bir neçə tablosu vardı. Nejat bəyin evində Səlimin tabloları vardı.

- Tabloları o adamlara birbaşa göndərirdi, yoxsa qalereyalar vasitəsilə satırdı?

- Yox, Parisə gedənlər orada Səlimi tapıb, tablo alırdılar. Parisdə hökumət ona gözəl bir ev vermişdi, yuxarı mərtəbədə tabloları vardı. Oraya çıxırdın, bəyəndiyin tablonu alırdın. Nejat Harmancı bu işi bilən adam idi. Gedəndə Səlimə baş çəkərdi. Qalatasaray liseyində eyni sinifdə oxumuşdular. Bu cür münasibətlər vardı, hər kəs də Səlimdən tablo alırdı. Əslində bunun solçu olduğunu hamı bilirdi, özü də aristokrat. Amma heç kim səsini çıxara bilmirdi. Onun yanına daima Mübin gəlirdi.

- Mübin Orhon 1981-də vəfat edib, Səlim bəyin onunla münasibəti necəydi?

- Mübin siyasi elmləri bitirmişdi, oraya iqtisadiyyat sahəsində doktorluq təhsili almaq üçün gəldi. Uzun boylu idi, çox səliqəli geyinirdi, gecə həyatı vardı. Birdən-birə mədəniyyət dünyasına girdi, “sağ-sol” işləriylə, kitablarla məşğul oldu, iqtisadiyyat dünyasını tərk etdi. Çox məşhur oldu. Mübn, İlhan Koman (heykəltəraş), Səlim Turan Parisdə çox məşhur idilər. Səlim bir xanımla evliydi, onunla işləri yaxşı olmadı. Mübin evli deyildi. İlhan daha sonra buraya qayıtdı.

- Demək, Səlim Turanın Parisdə maddi vəziyyətinin pis olduğuna və Yahşı Barazın onu Türkiyəyə gətirib sərgilər açmasına dair söz-söhbətlər yalandır.

- Onların hamısı uydurmadır. O sözləri kim deyib? Düzünü məndən soruşun.

- Siz Parisdən Türkiyəyə nə vaxt qayıtdınız?

- 1970-ci illərdə dosent olub qayıtdım. Sonra tez-tez gedirdim. Parisə gedəndə onu görürdüm.

- 1994-də vəfat etdi. Axırıncı dəfə burda görüşmüşdünüz, yoxsa Parisdə?

- Burada. Ölümündən 1 həftə qabaq birlikdəydik.

- Sizdə Səlim bəyin neçə tablosu var?

- Demirəm. Bunları soruşmaq tərbiyəsizlikdir, sən də tərbiyəsizsən. (Gülürük – M. Ə.)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR