Mətbuat xidməti: YUĞ Teatrı hələlik heç yerə köçməyib

Mətbuat xidməti: YUĞ Teatrı hələlik heç yerə köçməyib
# 14 yanvar 2016 08:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. "Azərbaycan Dövlət YUĞ Teatrının Murtuza Muxtarov 83 ünvanında yerləşən binasının sökülməsi məsələsi şəhərin baş planına uyğun olaraq həyata keçirilən tədbirlər çərçivəsindədir".

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məsələyə müvafiq qurumlarda baxılır: “Hələ ki, YUĞ Teatrı heç yerə köçməyib. Hazırda öz binamızda fəaliyyətimizi davam etdiririk. İstənilən halda teatr fəaliyyətini davam etdirəcək. Çünki YUĞ Teatrı binadan ibarət deyil. Teatrın binasının sökülüb-sökülməməsi və ya binanın söküləcəyi təqdirdə kollektivin fəaliyyətini harada davam etdirməsi isə teatrın səlahiyyətində olan məsələ deyil” - deyə, teatrdan bildirilib.

Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində aparılan söküntü işləri ilə əlaqədar Dövlət YUĞ Teatrının binasının sökülməsi də gözlənilir.

Azərbaycan Dövlət "Yuğ" Teatrı 1989-cu ildə rejissor Vaqif İbrahimoğlu tərəfindən yaradılıb və Milli Teatrın dördüncü mərtəbəsinin kiçik səhnəsində fəaliyyətə başlayıb. 1993-cü ildə teatra Dövlət statusu verilib. 2003-cü ildə isə "Yuğ" Teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb. "Yuğ" Teatrının poetikası qədim türklərin "yuğlama" (həlak olmuş igidin şərəfinə qopuz /saz/ musiqisinin müşayətilə təntənəli surətdə keçirilən yas məclisi) mərasimi, şamançılıq ənənələrilə çağdaş Avropa teatr avanqardının prinsiplərinin suintezi üzərində qurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR