SOCAR optimallaşdırma siyasətindən nə qədər qazanacaq? - TƏHLİL

SOCAR optimallaşdırma siyasətindən nə qədər qazanacaq? - <span style="color: red;">TƏHLİL
# 28 dekabr 2015 14:33 (UTC +04:00)

Bu il ərzində baş verən neftin ucuzlaşması nəhayət ki Azərbaycan Dövlət Neft Şirkətini (SOCAR) müəyyən addımlar atmağa məcbur edib. Artıq SOCAR rəsmi olaraq qənaət rejiminə keçdiyini açıqlayıb. Bu barədə şirkətin prezidentinin müvafiq əmri də var. Əmrə əsasən, SOCAR-ın strukturuna daxil olan qurumların həyata keçirdikləri texnoloji fəaliyyətə xələl gətirmədən onların gəlir və xərclər smetasının, həmçinin bu qurumların tərkibinə daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi, maliyyə resurslarının ilk növbədə daha az vəsait tələb edən yüksək rentabelli sahələrə yönəldilməsi nəzərdə tutulur.

Şirkətdə risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi məqsədi ilə müvafiq struktur bölmələrinə

  1. SOCAR-ın irimiqyaslı investisiya layihələri üzrə layihə risklərinin əhəmiyyətlilik dərəcəsinə əsasən ardıcıllığı müəyyən edilmiş risklər siyahısının Layihə Risklərinin xəritəsinin tərtib edilməsi və sığortalanması,
  2. məqsədəuyğun sayılan təhlükəli istehsalat obyektlərinin siyahısının hazırlanması

haqqında göstəriş verilib.

Əmrdə həmçinin SOCAR tərəfindən

a) sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması,

b) nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması,

c) izafi xərclərin aradan qaldırılması tədbirləri öz əksini tapıb.

Neftin qiymətində daha əlverişli iqtisadi durum yaranana qədər sərgi, konfrans, simpozium, seminar, təlim və bu qəbildən olan tədbirlərin təşkili və maliyyələşdirilməsi məhdudlaşdırılıb, xarici ölkələrə ezamiyyətlərin müddətinə və ezam olunanların tərkibinə nəzarət gücləndirilib. Şirkətin struktur bölmələrinə həmçinin, neftin, qazın hasilatı, nəqli, emalı sahələri üzrə texnoloji proseslərin fasiləsizliyini təmin edən mal, iş və xidmətlərin satın alınmasına nəzarətin gücləndirilməsi tapşırılıb.

Bundan əlavə bildirilir ki, 2016-cı ilin yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər nəzərdə tutulub ki, bu sahədə mövcud xərcləri sıfıra endirmək məqsədi ilə nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslarla SOCAR-ın digər əlaqəli qurumlarına ötürülməsi təmin ediləcək. Sənəddə eyni zamanda, təchizatçı müəssisələrdən satın alınan mal və xidmətlər üzrə xərclərin, habelə istehsalat itkilərinin azaldılması üçün müvafiq tədbirlərin görülməsi, satınalma əməliyyatlarının səmərəliliyini yüksəltmək məqsədi ilə müvafiq prosedurların təkmilləşdirilməsi tədbirləri də yer alıb.

Bu planlar, yaxud qənaət rejimi SOCAR-a nə dərəcədə fayda verəcək . Qənaət rejiminə keçid SOCAR-a maliyyə baxımından hansı xeyr gətirə bilər, söhbət hansı həcmdə olan vəsaitlərdən gedir?

İlk növbədə sosial yönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin məhdudlaşdırılması məsələsi diqqət çəkir. Təəssüf ki, SOCAR tərəfindən məhz bu sahəyə ayrılan vəsaitlərin həcmi məlum deyil.Bu fakt artıq özü suallar yaradır, çünki həmin sahə ən şəffaf və ictimaiyyətə açıq olmalıdır, lakin vəsaitlərin həcmi sirr olaraq qalır. Bizə hansı məbləğdə vəsaitə qənaət olunacağını yalnız ehtimal etmək qalır. Məsələn, məlumdur ki, SOCAR futbol üzrə Avropa çempionatının (AVRO-2016) sponsorlarından biridir. Fransada gələn ilin yayında keçiriləcək bu yarışmanın final mərhələsinin 7 sponsoru Adidas, Carlsberg, Coca-Cola, Continental, Hyundai/Kia, McDonalds və SOCAR-dır. UEFA-nın rəsmi məlumatına görə, bu şirkətlərlə sponsorluq müqavilələrindən nəzərdə tutulan ümumi gəlirin həcmi 400 mln. avroya bərabərdir. Sponsorların paritet prinsipini nəzərə tutsaq, belə çıxır ki, SOCAR-ın Avropa çempionatına sponsorluq xərcləri təxminən 57 mln. avro təşkil edir. Qeyd edək ki, bu rəqəm nisbidir.

Xatırladaq ki, bu SOCAR-n futbol sahəsində ilk sponsorluq təcrübəsi deyil. Belə ki, SOCAR həmçinin 2012-ci ildə 17 yaşa qədər qızlar arasında futbol çempionatına da sponsorluq edib. Bundan başqa SOCAR müxtəlif idman yarışlarına, musiqi tədbirlərinə və sair buna bənzər tədbirlərə sponsorluq edir. Qeyd edək ki, adətən bu tip xərclər şirkətlərin “Sair xərclərə” aid edilir və SOCAR üzrə “Sair xərclər” 2014-cü ildə 1,129 mlrd. manat təşkil edib. Bu rəqəm şirkətin 2014-cü il üzrə audit hesabatında öz əksini tapıb. Hesabat Ernst&Young şirkəti tərəfindən hazırlanıb. Beləliklə, sair xərclər 1,129 mlrd. avro təşkil edib ki, bu da illik müqayisədə 43% çoxdur. Bundan əlavə şirkətin “Ümumi və inzibati” xərcləri 2014-cü ildə 804 mln. manata bərabər olub ki, bu da 2013-cü illə müqayisədə 9,4% çoxdur. Göründüyü kimi, 2014-cü ildə şirkətin “Sair gəlirlər” kəskin artıb, halbuki bunun üçün heç bir maliyyə əsası, daha dəqiq maliyyə imkanları yox idi, çünki ötən il 2013-cü illə müqayisədə neft daha ucuz olub. SOCAR-ın gəlirləri isə ilk növbədə neft satışından asılıdır. 2014-cü ildə neftin orta qiyməti bir barelə görə 99 dollar təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 10%-ə yaxın aşağıdır. SOCAR isə 2014-cü ildə əvvəlki illə eyni səviyyədə neft hasil edib – 8,3 mln. ton. Buna baxmayaraq, sair xərclər kəskin artırılıb. Məntiqlə, hələ 2014-cü ildə qənaət rejimi barədə ciddi fikirləşmək lazım idi.

Bundan başqa məlumdur ki, bu il neftin qiymətləri daha da aşağı düşüb və ötən ilin səviyyəsinin heç yarısını təşkil etmir. Amma yenə bütün il ərzində SOCAR-ın xərcləri adi qaydada olub, yəni yuxarıda qeyd olunan qənaət rejimi yalnız ilin sonunda aktuallaşıb. Əlbəttə ki, 2015-ci il üzrə hesabat hələ çıxmayıb, amma əmin olmaq olar ki, şirkətin maliyyə vəziyyəti əvvəlki illə müqayisədən qənaətbəxş deyil. Belə ki, 2014-ci il üzrə SOCAR-ın məcmu gəlirləri 39,7 mlrd. manata bərabər olub, eyni zamanda ümumi xərclərin (o cümlədən, satış dəyəri, kəşfiyyat, paylaşdırma, inzibati və digər xərclər) həcmi 38,1 mlrd. manat təşkil edib. 2015-ci ildə SOCAR-ın gəlirləri azalıbsa, xərclər isə həmin səviyyədə qalıbsa, maliyyə vəziyyəti, yumşaq desək, qənaətbəxş deyil. Xalis xam neftin satışından gəlirin həcmi 2013-cü ildə 25,3 mlrd. manat olduğu halda, 2014-cü ildə 22,4 mlrd. manata düşüb, 2015-ci ildə isə neftin qiymətləri ötən illə müqayisədə ən azı 2 dəfə düşüb. Real mənzərə budur.

Bütün bu faktları nəzərə alaraq, sual yarana bilər: Sponsorluq və digər ona oxşar digər xərclərin azalması ümumi vəziyyəti necə yaxşılaşdıra bilər? Cavab aydındır - çox kiçik səviyyədə, buna görə daha radikal addımlara ehtiyac var. Yəni digər xərclərə də fikir vermək lazımdır.

SOCAR-ın əsas xərclər maddəsi “İstifadə edilmiş xammal və xərc materiallarıdır”. Bu kateqoriyaya aid edilən xərclərin həcmi 2014-cü ildə 34 mlrd. manat təşkil edib ki, bu da ilk növbədə şirkətin effektivliyinin çox aşağı olduğunu əks etdirir. Bunu həmçinin “Əsas vəsaitlərin köhnəlməsi” xərclər kateqoriyası da sübut edir. Belə ki, bu kateqoriya üzrə xərcləri həcmi 2014-cü ildə 772 (!) mln. manat təşkil edib ki, bu da şirkətin əsas vəsaitlərinin “vəziyyətini” göstərir. Ümumiyyətlə, bu dərəcədə yüksək əməliyyat xərclərinin olduğu halda, şirkət tərəfindən bir milyarddan artıq sair xərclər və milyarda yaxın inzibatı xərclərin olması qeyri-təbii və izaholunmazdır. Belə olan halda SOCAR tərəfindən çox yüksək investisiya fəaliyyəti də izaholunan deyil. Qeyd edək ki, 2014-cü ilin sonuna şirkətin birgə müəssislərə investisiyaların həcmi 1,1 mlrd. manat, asılı müəssisələrə investisiyaların həcmi isə 1,3 mlrd. manata bərabər olub, halbuki mühasibat hesabatında əks olunan şirkətini qudvili cəmi 177 mln. manat həcmində qiymətləndirilir. Qeyd edək ki, qudvil qeyri-maddi aktivdir və edilmiş investisiyalar üzrə, o cümlədən işgüzar reputasiyaya görə qazanılan gələcək gəlirlərin təxmini dəyəridir. Qudvil riyazi anlayış deyil, demək olar ki, bu edilən investisiyaların və ya alınmaların effektifliyinin obyektiv qiymətləndirilməsi sayılır.

Nəhayət SOCAR-ın baha bir zəif yerinə fikir verək. Söhbət öhdəliklərdən, ilk növbədə maliyyə öhdəliklərindən gedir. Ötən ilin sonuna şirkətin məcmu öhdəlikləri 13 mlrd. manat təşkil edib, lakin bizi öhdəliklərin yalnız bir hissəsi maraqlandırır. Bunlar

  1. ticarət və sair kreditor borclar- 4,2 mlrd. manat,
  2. qısamüddətli borc öhdəlikləri və uzunmüddətli borc öhdəliklərinin cari hissəsi - 2,2 mlrd. manat,
  3. uzunmüddətli borc öhdəlikləridir (3,6 mlrd. manat).

Beləliklə, bu kateqoriyalar üzrə öhdəliklərin məcmu həcmi 10 mlrd. manat təşkil edir ki bunun da 6,4 mlrd. manatı qısamüddətli borclardır. Göründüyü kimi, öhdəliklərin tam yarısı qısamüddətli borcların payına düşür ki, belə vəziyyət maliyyə dayanıqlılığı baxımından çox təhlükəlidir. Eyni zamanda qısamüddətli borclar üzrə təhlil qısamüddətli debitor vəsaitləri də nəzərə almalıdır, çünki bu, maliyyə durumunu daha obyektiv qiymətləndirir. Belə ki,

  1. şirkətin aktivlərində pul vəsaitləri və pul vəsaitlərin ekvivalentinin həcmi 1,5 mlrd. manat,
  2. ticarət və sair debitor borclarının həcmi 4,7 mlrd. manat,
  3. sair cari maliyyə aktivlərinin həcmi 261 mln. manat təşkil edir.

Beləliklə ümumi məcmu həcm 6,5 mlrd. manata bərabərdir. Bu şirkətin ən likvid vəsaitləridir. Kobud desək, bu vəsaitlər tez vaxt ərzində pula çevrilib öhdəliklərin ödənilməsinə yönəldilə bilər. Şirkətin aktivlərinin digər kateqoriyaları ya əsas vəsaitlərdir, ya da digər qeyri-likvid vəsaitlərdir. Göründüyü kimi, şirkətin tələb oluna biləcək vəsaitlərin həcmi qısamüddətli borclarını ödəyə bilir, lakin bu yalnız mühasibat baxımından, reallıqda qeyd etmək lazımdır ki, cari debitor borclar ildən-ilə zəif sürətlə azalır. Bu da onu göstərir ki, borcların tələb etməsində müəyyən problemlər var. Həmçinin onu da nəzərə almaq lazımdır ki, artıq 2016-cı ildə bəzi uzunmüddətli borcların əsas hissələri üzrə də ödəmələr başlanmalıdır ki, bu da cari maliyyə vəziyyətini pisləşməsinə səbəb ola bilər.

Bu mövzunun sonunda tam obyektivliyi saxlamaq üçün onu da qeyd edək ki, şirkətin “Kapital” bölməsində 8,3 mlrd. manat həcmində bölüşdürülməmiş mənfəət göstərilir. Lakin birincisi, məlum deyil ki, bu vəsaitlər harada və hansı formada saxlanılır, ikincisi, bu vəsaitlər nə dərəcədə likviddir, və üçüncüsü, məlumdur ki, maliyyə likvidliyin idarəedilməsi öhdəliklərin likvid aktivlərin hesabına ötürülməsinə əsaslandırılmalıdır, kapitalın vəsaitlərinə yalnız müflis şəraitində əl atılır.

Yenidən qənaət rejiminə keçid məsələsinə qayıdaraq daha iki məqama toxunaq. Belə ki, əmrdə qeyd edilib ki, nümayəndəliklərin əksəriyyətinin fəaliyyətinin ictimai əsaslara keçiriləcək. Bundan əlavə bildirilir ki, daxil olan bölmələrin sayının və ştat vahidlərinin yenidən nəzərdən keçirilməsi gözlənilir. Birinci addım elə də təsirli olmayacaq, çünki şirkətin nümayəndəliklərinin sayı çox deyil və onlar özünütəminetmə prinsipinə keçirilə bilər. İkinci addım birbaşa ixtisarlardan xəbər verir, çünki qənaət rejimi fonunda ştat vahidlərinin yenidən baxılması başqa məna daşıya bilməz.

Audit hesabatına əsasən, 2014-cü ildə şirkətdə əmək haqqı və sosial müdafiəyə 900 mln. manata yaxın vəsait xərclənilib. Böyük rəqəmdir, amma yalnız ilk baxışından. Çünki bu kateqoriya üzrə qənaət çətin ki, ciddi nəticələr versin. Müəyyən vəsaitlərə əlbəttə ki, qənaət olunacaq, amma yuxarıda qeyd olunanları, əsasən də gəlirlərin bu il ərzində kəskin azalması fonunda ixtisarlara əl atılması daha çox ona bənzəyir ki, vəziyyət pisləşəndə ilk növbədə ən asan yol seçilib. Halbuki hətta mühasibat hesabatından görünür ki, şirkətin əsas problemi tək şişirdilmiş strukturda deyil, problem əsas vəsaitlərin sürətlə köhnəlməsində, xərc materialları üzrə yüksək xərclərində və bu kimi amillərdədir. Bunu aradan qaldırılması üçün çoxdan struktur və maddi müasirləşmə aparılmalı idi, amma bahalı neftin dövründə bu problemlərə heç kəs fikir verməyib. Belə “uzaqgörənlik” indi öz nəticələrini verir. Maraqlıdır ki, əmrdə dünya təcrübəyə istinad var, amma dünya təcrübəyə istinad edilməsi bir qədər gecikib. Bir neçə misal göstərək.

  1. “Royal Dutch Shell” və “Qatar Petroleum” şirkətləri Qətərdə 6,5 mlrd. dollarlıq neft-kimya kompleksin tikintisini dayandırır;
  2. “Premier Oil” şirkəti Arktikada 2 mlrd. dollar həcmində olan hasilat layihəsini dayandırır;
  3. “BP” şirkəti 10 mlrd. dollar həcmində aktivləri satacağını bəyan edir;
  4. “BP” “ConocoPhillips”, “Shell” və “Chevron” şirkətləri ixtisarlar elan edir;
  5. “Statoil” Qrenlandiyada 3 layihəni dayandırır.

Belə misalları davam etdirmək olar. Amma ən vacibi odur ki, burada misal kimi gətirilən müxtəlif neft şirkətlərin həmin qərarları 2015-ci ilin sonunda deyil, əvvəlində elan edilib. Buna görə SOCAR-ın addımları hər mənada gecikmiş görünür. Yuxarıda qeyd olunan rəqəmləri bir daha xatırlatmağı lazım bilirik. Əgər 2014-cü ildə SOCAR-ın məcmu gəlirləri 39,7 mlrd. manat, xərcləri isə 38 mlrd. manat təşkil edibsə, gəlirlər 2 dəfə azalsa vəziyyətin necə olacağını təxmiun etmək çətin deyil. Xam neftin satışından əldə edilən gəlir 2014-cü ildə 22,4 mlrd. manat təşkil edib və əgər neftin 2 dəfə ucuzlaşmasını nəzərə alsaq bu rəqəmin bu il 10-11 mlrd. manat azalması baş verib. Deməli SOCAR xərcləri də heç olmasa həmin səviyyədə azaltmalı idi. Belə azalma ehtimalı qeyri-real və uydurulmuş görünməsin deyənə bir fakt qeyd edək. Belə ki, Azərbaycanın tədiyyə balansına əsasən, ölkənin neft-qaz məhsulların ixracı 2014-cü ilin 9 ayı ilə müqayisədə bu ilin 9 ayında 21,8 mlrd. dollardan 11,2 mlrd. dollara qədər azalıb. Göründüyü kimi, neft ixracında 2 dəfəyə yaxın azalma müşahidə olunur. SOCAR-ın neft satışı sahəsində də vəziyyət belədir, ona görə də gəlirlərin kəskin azalması ehtimalı uydurulmuş deyil.

Vahab Rzayev, APA ANALİTİK MƏRKƏZİ

İqtisadi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR