Nazir: "TANAP-ın tikintisi üzrə işlərin 20%-i yekunlaşıb"

Nazir: "TANAP-ın tikintisi üzrə işlərin 20%-i yekunlaşıb"
# 15 yanvar 2016 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi” layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilib.

APA-Economics”in məlumatına görə, bunu “Respublika” qəzetində dərc olunan məqaləsində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.

Nazir bildirib ki, xüsusilə boru seqmentlərinin saxlama sahələrinə gətirilməsi mütəmadi xarakter daşıyıb, Azərbaycan hissəsi üçün lazım olan boruların artıq yarıdan çoxunun sahələrə çatdırılması təmin olunub: “Ötən il iyunun sonunda Azərbaycanda kəmər xəttinin inşasının başlanmasından bəri tikinti işlərinin tempi artan xətt üzrə davam edib. Təqribən 61 km uzunluğunda borular artıq qaynaq edilib, 2 km isə qrafiki qabaqlayaraq tikinti sahəsi boyunca düzülüb. Azərbaycanda boru kəməri marşrutu boyunca torpaq sahələrinin əldə olunması 99,7% başa çatıb, ötən ilin iyun ayında Gürcüstanda da kəmər xəttinin inşasına başlanıb”.

N. Əliyev deyib ki, Gürcüstanda 1-ci və 2-ci kompressor stansiyasının və təzyiqə nəzarət və tənzimləmə qurğusunun tikintisi davam etməkdədir: “Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirmə” layihələri üzrə 15 000-dən çox insan bütün əsas müqavilələr üzrə tikinti işlərinə cəlb olunub və onların 85%-dən çoxu Azərbaycan vətəndaşlarıdır”.

N. Əliyev deyib ki, Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq və təxminən 12 mlrd. dollar dəyərində olan Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin tikintisi üzrə işlərin 20%-i yekunlaşıb: “Hazırda 3 lot halında inşa edilən layihə üzrə işlər qrafikə uyğun tam sürətlə davam etdirilir. Ümumilikdə, kəmərin tikintisi çərçivəsində 450 kilometr əraziyə 320 kilometr boru düzülüb, boruların 200 kilometrində qaynaqlama işləri aparılıb, 2016-cı ildə 1 000 kilometr məsafədə qaynaq işlərinin tamamlanması, beləliklə, qaynaqlama prosesinin 70 faizinin yekunlaşdırılması nəzərdə tutulub. Tikinti ərazisində 1600-dən çox ən müasir avadanlıqlar fəaliyyət göstərir. Kəmərin tikintisində istifadə olunan boruların 80 faizi Türkiyə, digər 20 faizi isə Çin istehsalıdır. İqlim və ərazi şərtləri ilə bağlı problemlər ortaya çıxmazsa, layihənin vaxtında icrasında və hətta daha tez istifadəyə verilməsində problemlər olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR