Məktəblərdə direktor vəzifəsinə qəbulla bağlı test imtahanının nəticələri açıqlanıb

Məktəblərdə direktor vəzifəsinə qəbulla bağlı test imtahanının nəticələri açıqlanıb
# 19 aprel 2016 10:00 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul ilə bağlı keçirilən test imtahanının nəticələri açıqlanıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, 2 260 nəfərin elektron ərizəsi təsdiq olunub.

Onun sözlərinə görə, 1 591 nəfər imtahanda iştirak edib: “493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Qeyd edim ki, 597 vakant yer elan olunub”.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramının şöbəsinin müdiri Emin Əmrullayev isə fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının nəticələri haqqında məlumat verib. O əlavə edib ki, nəticələrə əsasən, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb.

E. Əmrullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının şagirdlərinin nəticələri və informatika fənni üzrə ümumi nəticələr bu gün elan olunacaq.

Şöbə müdiri onu da qeyd edib ki, Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib: “Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27 500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4 500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib. Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 aprel tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək. Bu fənlər üzrə 415 şagird öz bilik və bacarığını nümayiş etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR