ADA Universitetində “İqlim dəyişiklikləri və qlobal istiləşmə” mövzusunda tədbir keçirilib

ADA Universitetində “İqlim dəyişiklikləri və qlobal istiləşmə” mövzusunda tədbir keçirilib
# 16 mart 2016 15:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Bu gün ADA Universitetində “İqlim dəyişiklikləri və qlobal istiləşmə” mövzusunda tədbir keçirilib. APA-nın xəbərinə görə, tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, millət vəkilləri və başqa şəxslər iştirak edib.

Tədbiri giriş sözü ilə ADA Universitetinin rektoru Hafiz Paşayev açıb. O bildirib ki, ADA Universiteti ekoloji baxımdan regionda öz dəsti-xətti ilə seçilir: “Universitetin əsas ideologiyası ətraf mühiti qorumaqdan ibarətdir”.

Rektor əlavə edib ki, ADA Universiteti ağac əkmə kampaniyalarında aktiv iştirak edir.

H. Paşayev İDEA İctimai Birliyinin sədri Leyla Əliyevanın ətraf mühitin qorunması sahəsində həyata keçirdiyi mühüm işlər haqda da məlumat verib.

Daha sonra ADA Universiteti və Milli Aviasiya Akademiyasının müəllim Roald Saqdeev məruzə ilə çıxış edib. O qeyd edib ki, qlobal iqlim dəyişikliklərinə həsr olunmuş Paris sammitinin işi uğurlu alınıb: “Bəzi tənqidçilərin sözlərinə görə, Paris sammiti bizi qlobal istiləşmə problemindən xilas etməyə təminat vermir. Bəzi mütəxəssislər də hesab edir ki, qlobal iqlim dəyişikliyi fiksiyadır. Qeyd etməliyəm ki, qlobal istiləşmə dünya sivilizasiyanın inkişafına müəyyən çətinliklər yaradır. Məhz bu baxımdan atmosferə buraxılan karbon qazının həcmi azaldılmalıdır”.

R. Saqdeev bildirib ki, böyük sənayeyə malik bəzi ölkələrdə atmosferə atılan karbon qazının həcminin azaldılması üçün böyük işlər görülüb: “Lakin ötən 650 min il ərzində atmosferə atılan karbon qazının həcmi heç vaxt indiki kimi yüksək olmayıb. Dünyada atmosferə atılan karbon qazının miqdarı qısa müddət ərzində iki dəfə artıb. Qeyd edim ki, Azərbaycan ətraf mühitin çirklənməsinə görə dünyada ilk yüzlüyə daxil olan ölkələrin sırasında yoxdur. Bu, sevindirici haldır”.

R. Saqdeev əlavə edib ki, son illər ən isti illər kimi qeydə alınıb.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Azərbaycan 2020-ci ilədək ətraf mühitə atılan neft-qaz tullantılarının sayını azaltmağı qarşısına məqsəd qoyub: “Son illərdə Azərbaycanda həyata keçirilən yaşıllaşdırma tədbirlərinin sayı artıb. Bakı və Abşeron yarımadasında ağac əkmə kampaniyaları davam etdirilir”.

Nazir əlavə edib ki, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyinin dəstəyi ilə Azərbaycanda ekologiya sahəsində mühüm layihələr həyata keçirilir: “Azərbaycanda əhalinin dünya standartlarına cavab verən təmiz içməli su ilə təminatı yaxşılaşdırılıb. Bunun üçün xüsusi təmizləyici modul tipli qurğular quraşdırılıb”.

H. Bağırov Kür və Araz çaylarının Ermənistan və Gürcüstan ərazisində çirkləndirilməsini də diqqətə çatdırıb.

Nazir yeni zooparkın tikintisinin davam etdirildiyini qeyd edib.

İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbir iştirakçılarına öz təşəkkürünü bildirib. Leyla Əliyeva qeyd edib ki, rəhbəri olduğu İDEA İctimai Birliyi Azərbaycan üçün çox faydalı işlər görür: “İDEA İctimai Birliyi 5 ildir ki, fəaliyyət göstərir. Bizim çox sayda layihələrimiz var”.

Heydər Əliyev Fondunun vitse-prezidenti heyvanların müdafiəsinə diqqət çəkib: “Son 3 ildə Afrikada 130 min fil öldürülüb. Mən buna görə çox narahatam”.

Leyla Əliyeva əlavə edib ki, hər insanda ekoloji məsuliyyət hissi olmalıdır.

Tədbirin sonunda suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR