Yasamal rayonunda Azərbaycan ordusuna dəstək tədbiri keçirilib

Yasamal rayonunda Azərbaycan ordusuna dəstək tədbiri keçirilib
# 05 aprel 2016 16:01 (UTC +04:00)

Bakı – APA. Bu gün Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ermənistanın ölkəmizə qarşı növbəti uğursuz silahlı təxribatı nəticəsində təmas xəttində baş verən hadisələrlə əlaqədar aprelin 2-də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının iclasında İlham Əliyevin çıxışına dəstək tədbiri keçirilib.

Yasamal rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbirdən öncə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev son günlər erməni hərbi birləşmələrinin sərhədyanı bölgələrdə törətdiyi təxribatlar və bu təxribatın qarşısının rəşadətli ordumuz tərəfindən qəhrəmancasına alındığını qeyd edib. Bildirib ki,ordumuz təkcə təxribatın qarşısını almaqla kifayətlənməyib, eyni zamanda, işğal olunmuş ərazilərdə bir sıra strateji yaşayış məntəqələri və yüksəkliklər azad edib.

İbrahim Mehdiyev qeyd edib ki, düşmənin təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizdən ikisi Yasamal rayon sakinidir: “Şəhid olan rayon sakinləri baş-leytenant Mirzə Novruzov və əsgər Cabbarxan Hacıağayev bu gün torpağa tapşırılıb”.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İB-nin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, II Dünya Müharibəsinin veteranı, ehtiyatda olan polkovnik-leytenant Damət Nəbiyev ,Milli Konservatoriyanın Tələbə-gənclər təşkilatının sədri Tural Məmmədli ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevrildiyini, Azərbaycanın haqlı mövqeyinin dünya birliyi səviyyəsində dəstəkləndiyini diqqətə çatdıraraq, bunu ölkə rəhbərinin yürütdüyü uğurlu xarici siyasətin bariz nümunəsi olduğunu qeyd ediblər. Onlar dövlətimizin başçısının ətrafında yumruq kimi sıx birləşərək Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR