Dələduzluqda təqsirləndirilən tikinti şirkəti rəhbərinin məhkəməsində zərərçəkənlər ifadə verib

Dələduzluqda təqsirləndirilən tikinti şirkəti rəhbərinin məhkəməsində zərərçəkənlər ifadə verib
# 05 sentyabr 2016 15:38 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "AENT-E" MMC-nin direktoru Əkbər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.

Ulduz Məmmədova ifadəsində qeyd edib ki, 2014-cü ilin noyabrın təqsirləndirilən şəxs onun evini satıb və bu pulun 3 gün müddətində qaytarılacağın deyib: Evi 30 min manata satıblar. Ancaq bizə pulunu vermədi. Bizə dəyən zərər hələ də ödənilməyib. Ən dəhşətlisi isə budur ki, Əkbər Cəfərov evimi təkrarən 3-4 nəfərə sataraq onları da aldadıb".

Bundan sonra məhkəmədə mübahisə yaranıb və digər zərərçəkmiş şəxslər də Ə. Cəfərov tərəfindən evlərinin bir neçə nəfərə satıldığını deyiblər.

Rafiq Məmmədov bildirib ki, təqsirləndirilən şəxsə 2013-cü ildə 39 min manat verib və mənzil alıb: "Mənzilin açarı da məndədir. Ancaq sonradan məlum oldu ki, bu mənzil də müqavilə əsasında 2006-cı ildə başqa bir şəxsə satılıb".

R. Məmmədovun vəkili isə zərərçəkmiş şəxsə həm də mənəvi ziyan dəydiyini iddia edərək, buna görə 183 min manat vəsait tələb edib.

Məhkəmə prosesi sentyabrın 19-da davam etdiriləcək.

Qeyd edək ki, Ə. Cəfərov qulluq mövqeyindən sui-istifadə edərək Xətai rayonu, Gəncə prospektində cəmiyyət tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında əvvəllər satılmış mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla 166 min 500 manat məbləğində özgə əmlakını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilir. Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR