Gürcüstan baş naziri: “İnanıram ki, yaxın gələcəkdə NATO üzvü olacağıq”

Gürcüstan baş naziri: “İnanıram ki, yaxın gələcəkdə NATO üzvü olacağıq”
# 24 may 2016 17:12 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə “Gürcüstanın müdafiə və təhlükəsizliyi” adlı X beynəlxalq konfrans keçirilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda Gürcüstan baş naziri Giorgi Kvirikaşvili, müdafiə naziri Tina Xidaşeli, ABŞ-ın Atlantik Şurasının vitse-prezidenti Deymon Uilson, NATO rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, Gürcüstanda akkreditə olunmuş diplomatik korpus təmsilçiləri və 50-dən çox ölkədən gəlmiş hərbi ekspertlər, deputatlar və digərləri iştirak edir.

Tədbirdə G. Kvirikaşvili, D. Uilson və Avropa İttifaqı rəsmiləri çıxış edərək regionda baş verən hadisələrə və münaqişələrə münasibət bildiriblər, sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini önə çəkiblər.

G. Kvirikaşvili NATO-Gürcüstan münasibətlərinin böyük potensiala malik olduğunu bildirib: “Gürcüstan NATO mexanizmləri və proqramlarından səmərəli istifadə edərək uğurlu nəticələr əldə edir. NATO ilə hərbi əməkdaşlıq böyük əhəmiyyət kəsb edir. Mən qəti əminəm ki, birlik və birgə səylər böyük uğurlar gətirəcək".

G. Kvirikaşvili NATO-nun Varşava sammitinin müsbət nəticələr verəcəyini də bildirib: “İnanıram ki, Gürcüstan yaxın gələcəkdə alyansın üzvü olacaq”.

D. Uilson isə Rusiya ilə strateji əməkdaşlığı davam etdirilməsinin vacibliyini önə çəkib. “Düşməni dosta çevirmək lazımdır”, - deyə o vurğulayıb.

Qeyd edək ki, konfransda Azərbaycanı ölkəmizin Gürcüstandakı səfirliyinin nümayəndələri təmsil edirlər. Konfrans sabah işini davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR