Gəncədə region gənclərinin əməkdaşlıq forumu keçirilib

Gəncədə region gənclərinin əməkdaşlıq forumu keçirilib
# 24 iyun 2016 15:56 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. “İRƏLİ” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Gənclər Paytaxtı olan Gəncədə “Region Gənclərinin Əməkdaşlığı Forumu” layihəsinə start verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, "İRƏLİ" İB və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycanın 15 regionundan 100-ə yaxın gənc iştirak edib.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Elnur Rzayev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək ölkədə gənclər siyasəti və bu istiqamətdə həyata keçirilən layihələr barədə danışıblar. Bildirilib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün də ölkədə uğurla davam etdirilir.

“İRƏLİ” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Azərbaycan Respublikasında gənc nəslin hərtərəfli inkişafının təmin edilməsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu və bunun kimi layihələr Azərbaycan gəncliyinin ictimai-siyasi, birgə inkişaf fəaliyyəti üçün olduqca əhəmiyyətlidir.

Layihənin əsas məqsədi “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən «Gənclər Ev»ləri və “Gənclər Mərkəz”ləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Layihənin birinci günündə Azərbaycan Dövlət Gənclər Siyasəti mövzusunda müzakirə aparılıb. Gəncləri maraqlandıran suallar cavablandırılıb.

Layihənin birinci hissəsində “İctimai vəkillik” və “Beynəlxalq arenada iştirakçılıq” mövzularında müzakirələr keçirilməsi nəzərdə tutulub.

Forum sabah davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR