Qəza baş verən 10 saylı özüldə bərpa işləri başa çatdırmaq üzrədir

Qəza baş verən 10 saylı özüldə bərpa işləri başa çatdırmaq üzrədir
# 05 avqust 2016 10:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "Neftqaztikinti" Tresti 28 May adına NQÇİ-nin istismar etdiyi "Günəşli" yatağında 10 saylı dərin dəniz özülünün qəzadan sonra yenidən qurulması layihəsi üzrə aparılan tikinti-quraşdırma işlərini başa çatdırmaq üzrədir.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, həyata keçirilən təmir-bərpa işləri çərçivəsində indiyədək özüldəki 30 quyunun quyuağzı avadanlıqları təftiş edilib, təhlükəsiz iş şəraiti yaradılıb. Özüldə yararsız hala düşmüş 2600 tona yaxın metal-konstruksiya sökülüb, 4 modul bərpa edilib, hər birinin çəkisi 330 ton olan 2 qülləaltı modul hazırlanaraq dənizdəki yerində quraşdırılıb. Həmin modullar üzərində qülləaltı postament və qüllə quraşdırılıb, quyuların təmir-bərpa işlərinə başlanılıb. Özüldə yararsız hala düşmüş 2 ədəd kran, Türkiyə istehsalı olan 2 ədəd yeni kranla (qolunun uzunluğu 18,2 m, yükqaldırma qabiliyyəti 32 ton) əvəz olunub. Yararsız hala düşmüş 4 yanalma meydançasından 2-si yenilənib, 2-si isə təmir edilib. İstismar modulu ilə yaşayış bloku arasında odadavamlı divar səddi çəkilmiş, yanğınsöndürmə sistemi bərpa edilib, işıqlandırma sistemi yenilənib. 4 ədəd 42 nəfərlik xilasetmə qayığı və 1 ədəd 20 nəfərlik xilasetmə salı hazır vəziyyətə gətirilib, işçilər zəruri fərdi mühafizə vasitələri ilə təmin olunublar. Helikopter meydançası təmir edilərək hazır vəziyyətə gətirilib. Hazırda işıqlandırma dövrələrinin, köməkçi avadanlıqların kabelləşməsi, kabel yollarının quraşdırılması işləri davam etdirilir. Özüldə quraşdırılacaq 6 kV-luq paylayıcı qurğunun binasında işlər yekunlaşmaq üzrədir və yaxın vaxtlarda platformada quraşdırılması planlaşdırılır. Məlum olduğu ki, bu günlərdə texnoloji sistem bərpa edilmiş və ilk quyu - 43 nömrəli quyu əsaslı təmirdən sonra istismara verilmişdir. Özüldəki daha iki quyunun - 340 və 160 nömrəli quyuların əsaslı təmiri davam etdirilir. Yaxın günlərdə bu quyuların istismar fonduna qaytarılması gözlənilir.

Təmir-bərpa işləri zamanı özüldə ekoloji vəziyyətə nəzarət olunub, ekoloji monitorinq keçirilib, çatışmazlıqlar aradan qaldırılıb. İşçilərin təmiz suya olan tələbatının ödənilməsi üçün Əks Osmos qurğusu quraşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR