Naxçıvanda QHT-lər məcburi müalicədə olan narkoloji xəstə məhkumların reabilitasiyasında iştirak edəcək

Naxçıvanda QHT-lər məcburi müalicədə olan narkoloji xəstə məhkumların reabilitasiyasında iştirak edəcək
# 03 mart 2016 13:48 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qaydalara əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir.

Narkoloji xəstə məhkumlara məcburi müalicə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında tətbiq edilir. Məcburi müalicədə olan şəxslərə sosial qayğının göstərilməsində, reabilitasiyasında, cəmiyyətə reinteqrasiyasında donor və ya qeyri-hökumət təşkilatları Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmış qaydada iştirak edə bilərlər. Məhkumun məcburi müalicəsi cəza çəkdiyi müəssisədə həkim-narkoloq tərəfindən təyin edilmiş müayinə və müalicə planı əsasında həyata keçirilir. Məcburi müalicədə olduğu müddətdə həkim təyinatı olmadan xəstənin psixoaktiv maddələr qəbul etməsinə şübhə yaradan əlamətlər müşahidə edildikdə, faktı təsdiq və ya inkar etmək məqsədi ilə həkim-narkoloq tərəfindən narkoloji tibbi müayinə aparılır. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkuma qanunsuz təsirin göstərilməsi ehtimalı istisna olunmalı, onlar işgəncə, qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məcburi müalicənin tətbiqi zamanı narkoloji xəstə məhkumların xarici aləmlə əlaqələri kəsilməməli, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məhkumlara öz ailələri, qohumları və kənar təşkilatların nümayəndələri ilə görüşmələrinə, poçt, telefon və digər əlaqə vasitələri ilə əlaqə saxlamalarına icazə verilməlidir.

Aparılmış tibbi xarakterli məcburi tədbirlərin qiymətləndirilməsi həkim-məsləhət komissiyası (HMK) vasitəsilə həyata keçirilir. Məhkumun müalicə kursu başa çatdıqda, həkim-narkoloq tərəfindən epikriz tərtib olunur. Bu epikrizdə həkim-narkoloqun rəyi, laborator və digər müayinələrin nəticələri, müayinədən sonra əldə edilmiş effekt, məhkumun psixi və fiziki vəziyyətində baş vermiş dəyişikliklər göstərilir və məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi üçün məhkumun tibbi kitabçası ilə birlikdə HMK-ya göndərilir. Məcburi müalicənin nəticələrinin qiymətləndirilməsi zamanı zəruri müayinələrin aparılması məqsədi ilə narkoloji xəstə məhkumlar Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tibb Sanitar Hissəsinə köçürülürlər. Müayinələr başa çatdıqdan sonra narkoloji xəstə məhkum dərhal cəzaçəkmə müəssisəsinə geri qaytarılır. HMK məhkum barədə sənədlər daxil olduqdan sonra 15 (on beş) iş günündən gec olmayaraq, həyata keçirilmiş məcburi müalicə tədbirlərini qiymətləndirərək məcburi müalicənin tamamlanması və ya müalicənin davam etdirilməsi barədə tibbi rəy verir. Qanunvericiliyə uyğun olaraq cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin müalicəsinin davam etdirilməsi zəruri olan şəxslər məcburi müalicəsini Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nəzdində ixtisaslaşdırılmış tibb müəssisələrində davam etdirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR