Sabah Fransada futbol üzrə Avropa çempionatına start veriləcək

Sabah Fransada futbol üzrə Avropa çempionatına start veriləcək
# 09 iyun 2016 14:35 (UTC +04:00)

Bakı – APA. Sabah futbol üzrə XV Avropa çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, budəfəki qitə birinciliyi yeniliklərlə yadda qalacaq.

Avropa çempionatları tarixi ərzində ilk dəfə turnirin final mərhələsi 24 komandanın iştirakı ilə keçiriləcək. Bundan əlavə, əvvəlki yarışlardan fərqli, təkcə 1 və 2-ci yerlərin sahibi deyil, 3-cü yeri tutan komandaların da növbəti mərhələyə adlamaq şansı olacaq. Belə ki, 6 qrup üçüncüsündən ən yaxşı nəticəyə malik 4-ü adını 1/8 finala yazdıracaq. Yeri gəlmişkən, 1/8 final həyəcanı da Avropa çempionatlarında ilk dəfə yaşanacaq.

Yarışı müxtəlif səbəblərdən kifayət qədər tanınmış oyunçu buraxacaq. Təkcə onu demək bəs edər ki, Kurt Zuma, Matyo Debyuşi, Rafael Varan, Jeremi Matyu, Lassana Diarra (hamısı Fransa), Aleks Oksleyd-Çemberlen, Denni Uelbek, Luk Şou (hamısı İngiltərə), Yuri Jirkov, Alan Dzaqoyev, İqor Denisov (hamısı Rusiya), İlkay Gündoğan, Marko Roys, Antonio Rüdiger (hamısı Almaniya), Daniel Karvahal (İspaniya), Vensan Kompani, Nikolas Lomberts (hər ikisi Belçika), Klaudio Markizio, Marko Verratti, Rikardo Montolivo, Mattia Perin (hamısı İtaliya), Fabio Koentrao və Danni (hər ikisi Portuqaliya) kimi məşhur simalar zədə səbəbindən qitə birinciliyini kənardan izləyəcəklər. Buna baxmayaraq, Avropa çempionatının yenə gərgin və maraqlı mübarizə şəraitində keçəcəyi gözlənilir.

A qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə

Yarışın ilk günü açılış mərasimi və 1 matçla yadda qalacaq. Ev sahibi Fransa turnirdəki ilk oyununu Rumıniyaya qarşı keçirəcək. Şübhəsiz ki, A qrupunun əsas favoriti fransızlardı. Bu qrupda ikincilik və üçüncülük mübairizəsi çox güman ki, İsveçrə ilə Rumıniya arasında gedəcək. Lakin debütant Albaniyanı da hesabdan silmək olmaz. “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi yığma Fransaya turist kimi getmədiyini sübut etməyə çalışacaq.

10 iyun

23:00. Fransa - Rumıniya

11 iyun

17:00. Albaniya - İsveçrə

15 iyun

20:00. Rumıniya - İsveçrə

23:00. Fransa - Albaniya

19 iyun

23:00. İsveçrə - Fransa

23:00. Rumıniya - Albaniya

B qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya

B qrupunda Böyük Britaniyanın 2 təmsilçisi qərarlaşıb. Birincilik mübarizəsinin də məhz bu komandalar – İngiltərə və Uels arasında gedəcəyini təxmin etmək olar. Leonid Slutskinin başçılıq etdiyi Rusiya yığması isə 3-cü pilləni tutmaq gücündə görünür. Bunun üçün onlar ən azı, Slovakiya ilə matçdan lazım olunan nəticə ilə ayrılmalıdılar.

11 iyun

20:00. Uels - Slovakiya

23:00. İngiltərə - Rusiya

15 iyun

17:00. Rusiya - Slovakiya

16 iyun

17:00. İngiltərə - Uels

20 iyun

23:00. Slovakiya - İngiltərə

23:00. Rusiya - Uels

C qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya

Almaniya millisi təkcə yer aldığı qrupun deyil, həmçinin Avropa çempionatının əsas favoritlərindən biridi. Son dünya çempionatının qalibi olan Bundestimin bu uğurun davamını gətirəcəyini gözləyənlər çoxdu. Düzdü, baş məşqçi Yoahim Löv AÇ-də İlkay Gündoğan və Marko Roys kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyəcək. Bununla belə, Almaniyanın C qrupunda çətinliklə üzləşməyəcəyi, asanlıqla növbəti mərhələyə adlayacağı gözlənilir. Digər 3 komanda isə aşağı-yuxarı eyni səviyyədədi və onlardan hər biri turnirdə mübarizəni davam etdirmək üçün əlindən gələni əsirgəməyəcək.

12 iyun

20:00. Polşa - Şimali İrlandiya

23:00. Almaniya - Ukrayna

16 iyun

20:00. Ukrayna - Şimali İrlandiya

23:00. Almaniya - Polşa

21 iyun

20:00. Şimali İrlandiya - Almaniya

20:00. Ukrayna - Polşa

D qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya

Heç şübhəsiz ki, azərbaycanlı futbolsevərlər üçün ən maraqlı qrup D qrupu olacaq. Bu isə Türkiyənin həmin qrupda yer alması ilə bağlıdı. Digər tərəfdən isə son Avropa çempionu İspaniya və millimizin baş məşqçisi Robert Prosineçkinin vətəni Xorvatiya da bu qrupun sakinləridi. Çexiyanın da yer aldığı qrupda Türkiyənin işinin asan olmayacağı məlum məsələdi. Fatih Terimin yetirmələri AÇ-2008-dəki uğurunu təkrarlamaq üçün çətinliklərdən ustalıqla çıxmalıdı. Xorvatiya və Çexiya yığmaları Terimli Türkiyə millisi üçün tanış rəqiblərdi. Avro-2008-də əvvəlcə qrupda Çexiya üzərində əzmkar (3:2) qələbə qazanan “ay-ulduzlular” ¼ finalda Xorvatiyaya “soyuq duş” hissi yaşatmışdılar. Əlavə vaxtın son dəqiqəsində məğlubiyyətdən xilas olan türklər oyunsonrası penaltilər seriyasında rəqibi üstələyərək, yarımfinala adlamışdılar. Odu ki, çexlər və xorvatlar həmin məğlubiyyətlərin əvəzini çıxmaq üçün “vuruşacaqlar”.

12 iyun

17:00. Türkiyə - Xorvatiya

13 iyun

17:00. İspaniya – Çexiya

17 iyun

20:00. Çexiya - Xorvatiya

23:00. İspaniya - Türkiyə

21 iyun

23:00. Xorvatiya - İspaniya

23:00. Çexiya - Türkiyə

E qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç

Antonio Kontenin turnirdən sonra baş məşqçi postunu tərk edəcəyi İtaliya yığması heyətindən asılı olmayaraq, həmişə böyük turnirlərin favoritləri sırasında göstərilib. 4 dəfə dünya, 1 dəfə isə Avropa çempionatının qalibi olan “Skuadra Adzurra” turnir komandası kimi ad çıxarıb. İtalyanlar 2 dəfə isə (2000 və 2012-ci illər) AÇ-də gümüş medalla kifayətləniblər. 2000-ci ildə Fransaya uduzan Apennin təmsilçisi 12 il sonra İspaniya qarşısında aciz qalıb. İtaliyanın bu dəfə işi daha çətin olacaq. Qrupdakı rəqiblərdən Belçika və İsveç yığmaları Kontenin komandasına problem yaşada bilər. Elə İrlandiya da növbəti mərhələyə adlamaq üçün var qüvvəsi ilə yarışacaq.

13 iyun

20:00. İrlandiya - İsveç

23:00. Belçika - İtaliya

17 iyun

17:00. İtaliya - İsveç

18 iyun

17:00. Belçika - İrlandiya

22 iyun

23:00. İsveç - Belçika

23:00. İtaliya - İrlandiya

F qrupu: Portuqaliya, İslandiya, Avstriya, Macarıstan

F qrupuna maraq o qədər də çox deyil. Düzdü, bu qrupda “Avropanın Braziliyası” adlandırılan Portuqaliya yığması yer alıb. Ancaq onlar səviyyədə ikinci komanda olmadığından, qrupun digər oyunlarının maraqlı mübarizə şəraitində keçəcəyini gözləməyənlər daha çoxdu. Hərçənd ki, İslandiya millisi son illərdə “boyundan yuxarı tullanıb”. Avstriya və Macarıstan isə Avropa çempionatına vaxt keçirmək üçün qatılmadıqlarını isbatlamağa çalışacaq. Amma yenə də Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya üçün ciddi sınaq qrup mərhələsindən sonra başlayacaq.

14 iyun

20:00. Avstriya - Macarıstan

23:00. Portuqaliya - İslandiya

18 iyun

20:00. İslandiya - Macarıstan

23:00. Portuqaliya - Avstriya

22 iyun

20:00. Macarıstan - Portuqaliya

20:00. İslandiya - Avstriya

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR