Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Bakıda Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin iclası keçirilib
# 20 sentyabr 2016 16:41 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün Milli Məclisdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 13-cü iclası keçirilib.

Parlamentdən APA-ya verilən məlumata görə, iclası açan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qurumla Azərbaycan arasında dialoq aparılmasının vacibliyini vurğulayıb.

Azərbaycanın regionda böyük nüfuza və qüdrətə sahib dövlət olduğunu xatırladan deputat qeyd edib ki, bu gün ölkəmiz bir sıra məsələlərdə bütün dünya üçün nümunədir: “Azərbaycan Avropa İttifaqı və Avropa Parlamenti ilə münasibətlərini qarşılıqlı hörmət, anlaşma əsasında davam etdirməyə, bunun üçün açıq fikir mübadiləsi aparmağa hazırdır. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı olmalıdır”.

Avropa Parlamentinin nümayəndə heyətinin rəhbəri Səyyad Kərim isə Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələrin dərinləşdirilməsinin əhəmiyyətindən danışıb. O bu platforma çərçivəsində keçirilən görüşlərin və konstruktiv dialoqun yaxşı nəticə ilə yekunlaşacağına ümidvar olduğunu bildirib: “Bu əməkdaşlıq və faydalı dialoq xalqlarımızın ümumi maraqlarına xidmət edəcək. Parlamentlərimiz arasında olan ortaq dəyərlər, uzunmüddətli münasibətlər hər birimizin inandığımız məsələlərdir. Azərbaycan Avropa İttifaqı üçün mühüm bir ölkədir və biz münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik”.

Komitənin 13-cü iclasının gündəliyinə komitənin 12-ci iclasının stenoqramının təsdiqi, Avropa İttifaqı-Azərbaycan ikitərəfli münasibətləri, əhəmiyyətli islahatlar və inkişaf, Parlament Əməkdaşlıq Komitəsinin gələcək fəaliyyətinin istiqaməti məsələləri daxil edilib. Sonra iclasda Avropa İttifaqı və Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR