Bakıda Beynəlxalq İnşaat Sərgisi keçirilir - VİDEO

Bakıda Beynəlxalq İnşaat Sərgisi keçirilir - <span style="color: red;">VİDEO
# 21 oktyabr 2015 08:53 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu gün Bakıda Xəzəryanı regionun inşaat sektoru üzrə ən böyük tədbiri - "BakuBuild - 2015", XXI Azərbaycan Beynəlxalq İnşaat sərgisi işinə başlayıb.

"APA-Economics"in xəbərinə görə, sərgi oktyabrın 24-dək davam edəcək.

"Xəzər İnşaat Həftəsi"nin başlanğıcını bildirən bu sərgi müxtəlif ölkələri təmsil edən bir çox mütəxəssis tərəfindən maraqla qarşılanıb. Sərginin hər il keçirilməsi inşaat materialları və xidmətlərinin həm yerli, həm də xarici istehsalçıları və istehlakçıları arasında tərəfdaşlıq əlaqələrinin qurulması üçün şərait yaratmaqla yanaşı, Azərbaycanda və xaricdə inşaat bazarının inkişafına yeni təkan verir. "BakuBuild" sərgisi İqtisadiyyat və Sənaye Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, eləcə də Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən dəstəklənir.

Sərginin təşkilatçısı qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group Plc” şirkətləri çıxış edirlər.

Bu il 500-dən artıq şirkətin daxil olduğu sərgi ekspozisiyası Bakı Ekspo Mərkəzinin bütün zallarını, o cümlədən açıq meydançasını, eləcə də əsas foyesini əhatə edəcək.

"BakuBuild" sərgisinin ənənələrindən biri də tədbirdə milli stendlərin fəal iştirakıdır, belə ki, bu il 7 ölkə öz milli pavilyonlarını təqdim edir. Həmin ölkələr arasında sərginin daimi iştirakçıları - Almaniya, İtaliya, İran, İspaniya, BƏƏ, eləcə də builki debütantlar - Çexiya və Hindistan yer alır. Azərbaycan bazarına həmişəki kimi böyük maraq göstərən Türkiyə istehsalçıları sərgidə iştirak üçün geniş sahə rezervasiya ediblər. Beləliklə, bütün dünyada iqtisadi vəziyyətin mürəkkəb olmasına baxmayaraq, “BakuBuild” sərgisinin tərkibi yeni şirkətlər sayəsində daha da zənginləşir.

Sərgidə təqdim olunan məhsulların çeşidi də artıb. Belə ki, bu il sərgi tikinti materialları, keramika məhsulları, üzlük daşlar, mərmər, lak-boya materialları, interyer üçün qapı və pəncərələr, dam və döşəmə örtükləri, mebellər, eləcə də yolların işıqlandırılması, yaşıllaşdırma, parkların abadlaşdırılması, metal və bürünc məmulatların tam çeşidini əhatə edəcək. Avropanın aparıcı brendləri və yerli istehsalçılar taxta qapı-pəncərə və döşəmə məhsullarını təqdim edəcək. Sərgidə eksklüziv məhsul həvəskarları üçün İtaliyanın elit santexnika məmulatları nümayiş olunacaq. İnşaat şüşəsi və şüşə məhsullar sərginin bəzəyinə çevriləcəkdir. Bu sektor çərçivəsində “Art Vitraj” yeni “startap” şirkəti də iştirak edir və bu sərgi sayəsində yerli bazarda öz mövqeyini möhkəmləndirmək üçün daha bir addım atır. Sərgi kompleksinin qarşısındakı açıq meydançada yerləşəcək və daimi iştirakçılarla yanaşı, Türkiyənin texnika istehsalçılarının ilk dəfə iştirak edəcəyi inşaat texnikası bölməsi də xüsusi diqqətə layiqdir.

“BakuBuild” sərgisində yalnız bu il dünya bazarına daxil olacaq bir sıra yeni məhsullar təqdim ediləcək. Mühərrik seksiyası olmayan innovativ liftlər, açıq meydançalar üçün polipropilen modul örtükləri, taxta məmulatlar üçün qoruyucu və boyama vasitələri, sement və yeni nəsil örtüklər, habelə vanna otaqları üçün yüksək keyfiyyətli avadanlıqlar bu il sərgidə nümayiş olunacaq yeni məhsulların sadəcə bir qismidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR