Azərbaycanda şəxslərə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsaslar müəyyənləşdirilib

Azərbaycanda şəxslərə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün əsaslar müəyyənləşdirilib
# 18 aprel 2016 23:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA.. Nazirlər Kabineti “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, bu Qaydalar Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə dövlət səhiyyə müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsini tənzimləyir.

Şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Göndəriş verilməsi üçün əsaslar sırasına şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması, əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu müddətinin bitməsi, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi, şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi, əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması və xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi daxildir.

Göndəriş verilməsi üçün müraciət edən (yazılı və ya elektron formada) şəxslərin müraciət etdikdən sonra 7 iş günündən gec olmayaraq, səhiyyə müəssisəsi tərəfindən sağlamlıq vəziyyətinin müəyyən edilməsi üçün funksional, diaqnostik, laborator və obyektiv müayinələri aparılır, xəstəlik tarixindən çıxarışlar (epikrizlər) toplanılır, ehtiyac yaranarsa, diaqnozun dəqiqləşdirilməsi üçün şəxs əlavə ambulator və ya stasionar müayinəyə göndərilir. Göndəriş müalicə həkimi tərəfindən doldurulur. Göndərişdə şəxsin fərdi identifikasiya nömrəsi qeyd edilməklə, onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər və ağırlaşmalar göstərilməlidir. Şəxsin saglamlıq vəziyyəti ilə bağlı Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) getmək imkanı olmadıqda (şəxsin hərəkət imkanı məhdud olduqda və heç bir reabilitasiya vasitəsinə sahib olmadıqda, səhiyyə müəssisəsində stasionar müalicə aldıqda), bu barədə göndərişdə həkim-məsləhət və ya hərbi-həkim komis-siyasının rəyi qeyd olunur. Protokolla rəsmiləşdirilmiş göndəriş 2 iş günü ərzində “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməlidir. Göndəriş Reyestrə “Elektron hökumət” poltalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə səhiyyə müəssisəsi rəhbərinin səlahiyyət verdiyi şəxslər tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında daxil edilir. Göndəriş Reyestrə daxil edilən gün şəxsə bu barədə məlumat verilir.Göndərişin elektron sənəd forması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırmaqla, Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndərişin qüvvədəolma müddəti onun Reyestrə daxil edildiyi gündən etibarən 30 iş günü təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR