MSK QHT rəhbərinin şikayətini əsassız sayıb

MSK QHT rəhbərinin şikayətini əsassız sayıb
# 28 oktyabr 2015 14:21 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bu gün Mərkəzi Seçki Komissiyasının iclasında Milli Məclisə noyabrın 1-ə təyin edilmiş seçkilərlə əlaqədar daxil olmuş müraciətlərə baxılıb.

APA-nın məlumatına görə, MSK 71 Masallı Kənd Seçki Dairəsindən Müsavat Partiyası tərəfindən deputatlığa namizəd Xasay Fərzulla Bürənd kənd icra nümayəndəsi tərəfindən seçkiqabağı təşviqat hüququnun pozulması ilə bağlı müraciətinə baxılıb.

MSK müraciətin baxılması üçün 71 saylı Masallı Dairə Seçki Komissiyasına göndərilməsi barədə qərar verilib.

MSK üzvü Validə Kazımova bildirib ki, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizəd Demokratiyanın Müdafiəsinə Kömək İctimai Birliyinin sədri Vidadi İsgəndərov isə bu seçki dairəsində onun seçkiqabağı təşviqatın aparılmasına mane yaradıldığını, həmin seçki dairəsinin bir hissəsində təşviqat üçün yer ayrılmadığını və buna görə də bu dairədə seçkinin təxirə salınmasını xahiş edib. O, bəzi şikayətlərlə MSK-ya audio, video kasetlər təqdim edib.

V. Kazımova isə audio və vido qeydlərin qanuni yolla əldə olunmadığı üçün araşdırılmadığını, V. İsgəndərovun isə araşdırma üçün MSK-ya dəvət olunsa da, araşdırmada iştirak etmədiyini söyləyib.

MSK sədrinin müavini Natiq Məmmədov video və audio yazıların cinayət yolu ilə əldə olunduğu halda bunun araşdırılmasının mümkün olmadığını vurğulayıb. N. Məmmədov rayon icra hakimiyyəti başçılarının təşviqat üçün açıq və qapalı yerlər ayırmaq səlahiyyətinin olduğunu da nəzərə çatdırıb: “İcra hakimiyyətinin bu əsaslarla seçkilərə müdaxilə etdiyini iddia etməyin əsası yoxdur. Digər tərəfdən, biz də namizədin sosial şəbəkədə yerləşdirdiyi videoya baxmışıq. Bunları seçkiqabağı təşviqatın məhdudlaşdırılması kimi yozmaq düzün deyil. Həm də həmin video keyfiyyətli deyil, yalnız müəyyən hallarda dairə seçki komissiyasının sədrinin üzü görünür. Biz araşdırma zamanı gördük ki, 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsində seçkiqabağı təşviqat aparılması üçün geniş imkan yaradılıb. Burada geniş mənada namizədin seçkiqabağı təşviqatın aparılması hüququnun pozulmasından söhbət gedə bilməz”.

MSK V. İsgəndərovun şikayətini əsassız sayıb, şikayətin təmin edilməməsi barədə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR