Lerikə güclü yağış yağıb

Lerikə güclü yağış yağıb
# 02 iyun 2016 13:48 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Bu gün saat 12.00 radələrindən başlayaraq Lerik rayonuna güclü yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometroloji Hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, yağıntı əsasən Lerik və Yardımlı rayonlarının dəniz səviyyəsindən 1000-1300 metr yüksəklikdə yerləşən yaşayış məntəqələrini əhatə edib. Ümumilikdə isə 3 saat ərzində dağlıq ərazilərə düşən yağıntının miqdarı aylıq normanın 50-60 faizini təşkil edib.


Lerik Rayon İcra Hakimiyyəti başçısın müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-nın yerli bürosuna bildirib ki, yağıntı rayonda fəsadlara səbəb olmayıb:”Bununla dördüncü gündür ki, günorta saatlarında təqribən 2-3 saatlıq müddətdə rayona güclü yağış yağır. Yağıntı böyük fəsadlar törətməsə də, kənd təsərrüfatı bitkiləri, o cümlədən taxılşılıq üçün ziyanlıdır. Hazırda ot tədarükünün qızğın çağıdır, yağış isə buna mane olur”.

Bununla belə, H.Məlikov yağıntının vurduğu ziyanla bağlı vətəndaşlardan hər hansı şikayətin daxil olmadığını bildirib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası Hidrometroloji Hissəsindən isə APA-nın cənub bürosuna verilən məlumata görə, yağıntılı hava şəraiti bölgədə iyunun 3-ə kimi davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR