Malena Mard: "Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir"

Malena Mard: "Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir"
# 14 aprel 2016 09:29 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Avropa İttifaqı Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir".

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Aİ Minsk qrupunun səylərini dəstəkləyir: "Biz açıq şəkildə bəyan etmişik ki, status-kvo uzun müddət davam edə bilməz. Biz münaqişənin sülh yolu ilə həlli üçün daha da irəli getməliyik. Bu, ali nümayəndə Federika Mogerinin Bakı səfəri zamanı da açıq şəkildə qeyd edildi".

M. Mard Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Helber Salberin regiona səfərinin də bir neçə gün içində reallaşacağını deyib: "Xüsusi nümayəndə də çox aktivdir. Hesab edirəm ki, bu, Avropa İttifaqının bu münaqişəyə diqqətini göstərir".

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR