Daha iki Azərbaycan gəmisi Türkiyənin yük avtomobillərini Orta Asiyaya daşıyacaq

Daha iki Azərbaycan gəmisi Türkiyənin yük avtomobillərini Orta Asiyaya daşıyacaq
# 22 dekabr 2015 13:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Türkiyədən Orta Asiya istiqamətində tranzit hərəkət edən yük avtomobillərinin Xəzərdən daşınmasını sürətləndirmək məqsədilə Xəzər Dəniz Gəmiçiliyi bərələrinin istismara mümkün qədər tez qaytarılması üçün bütün tədbirləri görür. Belə ki, qısa bir zamanda iki bərə gəmisi - “Qarabağ” və “Akademik Topçubaşov” istismara verilib.

Xəzər Dəniz Gəmiçiliyidən “APA-Economics”ə verilən məlumata görə, əgər noyabr ayında AXDG-nin 8 bərə və 2 Ro-Ro (təkərli texnika daşıyan) gəmisi istismarda idisə, hazırda 12 gəmi, o cümlədən 10 bərə və 2 Ro-Ro gəmisi Xəzər dənizində vaqon və təkərli texnika daşımalarına cəlb olunub. Eyni zamanda daha 2 bərə gəmisi - “Professor Gül” və “Merkuri-1” ilin sonuna qədər istismara buraxılacaq. Bu da istismarda olan bərə və Ro-Ro gəmilərinin sayını 14-ə çatdırmağa imkan verəcək.

İstismarda olan gəmilərdən, 5 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau, digər 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı istiqamətində daşımalara cəlb olunub.

Eyni zamanda, Aktau və Türkmənbaşı limanlarında yaranan sıxlıqla bağlı Xəzər Dəniz Gəmiçiliyi mütəmadi olaraq bu limanlarla əlaqə saxlayır və gəmilərin boşaltma-yükləmə əməliyyatlarının tezləşdirilməsi üçün tədbirlər görür. Sıxlıqların əsas səbəbi hava şəraitinin əlverişli olmamasıdır. Belə ki, dekabr ayının 16 və 18 tarixlərində Bakıdan çıxan “Akademik Zərifə Əliyeva” və “Akademik Həsən Əliyev” bərə gəmiləri bu günə kimi Aktau limanında körpüyə yan ala bilmirlər.

Qeyd edək ki, hazırda AXDG-nin 13 bərə gəmisi vardır. Yükdaşımaların həcmlərindən asılı olaraq bərə gəmiləri istismarda və ya yükdaşımalar azaldıqda, istismar ehtiyatında saxlanılırlar. Gəmilərin istismar ehtiyatında saxlanılması xərclərin azaldılmasına imkan verir, digər tərəfdən isə yük həcmləri artdıqda, istismar ehtiyatında olan gəmilər istismara qaytarılırlar.

Dekabr ayının əvvəlindən yaranan vəziyyəti nəzərə alaraq, Xəzər Dəniz Gəmiçiliyin rəhbərliyi istismar ehtiyatında olan bərə gəmilərinin operativ qaydada istismara qaytarılması ilə bağlı qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR