Moskvada Rusiya mediasının Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı müzakirə keçirilib

Moskvada Rusiya mediasının Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı müzakirə keçirilib
# 07 aprel 2016 16:17 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Ümumrusiya Azərbaycan Konqresi Moskvada “Rusiya-Azərbaycan münasibətlərinə dəstək üçün ictimai təşəbbüslər” mövzusunda müzakirə keçirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “İnterfaks” agentliyinin ofisində təşkil olunan tədbirdə regional Azərbaycan təşkilatlarının rəhbər şəxsləri, Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri, ictimai xadimlər, KİV nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru rolunda çıxış edən Rusiyadakı Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri Sərdar Abdullayev bildirib ki, Rusiya telekanallarında Azərbaycan qarşı etibarsız informasiya siyasəti ilk növbədə ölkədəki azərbaycanlılar barəsində mənfi rəyin yaranmasına səbəb olur: “Mən Azərbaycan diasporunun bütün nümayəndələrini gənclərlə tərbiyəvi iş aparmağa çağırıram ki, diasporun gənc nümayəndələri heç bir təxribata uymasınlar”.

ÜAK icraçı direktorunun birinci müavini Samir Məmmədov qeyd edib ki, Rusiyanın müxtəlif telekanallarında yayımlanan siyasi tok-şoular Dağlıq Qarabağda baş verən son hadisələri qeyri-obyektiv və birtərəfli işıqlandırır və bu, 2 milyona yaxın azərbaycanlının təmsil olunduğu Rusiya cəmiyyətinin bütövlüyünü və stabilliyini təhlükə altına qoyur: “Təəssüf ki, bir sıra Rusiya KİV-ləri Azərbaycan-Türkiyə ittifaqını Rusiya-Ermənistan ittifaqına qarşı qoymağa cəhd edir. Hansı ki, bu, Rusiya ilə Azərbaycan arasında olan strateji tərəfdaşlıq münasibətlərinə kökündən ziddir və Rusiya cəmiyyətində iki ölkə arasında dostluq münasibətləri barədə mənfi fon və yalan fikir formalaşdırır. Rusiyadakı erməni lobbisi öz maraqlarından çıxış edərək Rusiya-Azərbaycan münasibətlərinə zərbə vurmağa çalışır".

Tanınmış rusiyalı jurnalist, Rusiya prezidenti yanında Millətlərarası Münasibətlər Şurasının üzvü Maksim Şevçenko isə çıxışında Rusiya mediasında Dağlıq Qarabağda baş verən hadisələrin qeyri-obyektiv işıqlandırılmasının, Azərbaycanın “Türkiyənin agenti” kimi təqdim olunmasının Rusiya cəmiyyətində qeyri-sabitliyə səbəb ola biləcəyini söyləyib: “Bunun özü Rusiyanın bütövlüyünə təhlükədir. Rusiya ilə Azərbaycan arasında möhkəm strateji dostluq və əməkdaşlıq münasibətləri formalaşıb. Rusiyada iki milyona yaxın azərbaycanlı yaşayır. Onlar Rusiya cəmiyyətinə inteqrasiya olunublar. Eynilə ermənilər. Ona görə də, baş verən hadisələrin birtərəfli işıqlandırılması Rusiya cəmiyyətində parçalanmaya səbəb ola bilər”.

M. Şevçenko Dağlıq Qarabağ münaqişəsini birtərəfli və qeyri-obyektiv işıqlandıran rusiyalı jurnalistləri qınayıb.

Rusiya Jurnalistlər İttifaqının üzvü Səadət Qədirova isə Rusiyanın bir sıra informasiya strukturlarının mövqeyinin rəsmi Moskvanın mövqeyi ilə eyni olmadığını söyləyib: “Mən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ilə əlaqə saxladım. O, Dağlıq Qarabağda baş verənləri birtərəfli işıqlandıran Rusiya KİV nümayəndələrini qınadı. Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri də Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım göstərmək niyyətində olduğunun göstəricisidir”.

Sonda tədbir iştirakçıları adından Rusiya hakimiyyətinə müraciət qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR