İran XİN: Sanksiyalarla bağlı ABŞ hökumətinə xəbərdarlıq edilib

İran XİN: Sanksiyalarla bağlı ABŞ hökumətinə xəbərdarlıq edilib
# 31 dekabr 2015 16:37 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İran İslam Respublikası (İİR) öz müdafiə proqramlarına ABŞ-ın hər hansı müdaxiləsini hərbi gücünü daha da artırmaqla cavab verəcək.

APA-nın İran bürosunun məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Hüseyn Cabiri Ənsari ABŞ prezidenti Barak Obama Administrasiyasının İranın ballistik raket proqramı ilə bağlı yeni sanksiyaların tətbiq edəcəyi ilə bağlı xəbərlərə münasibət bildirərkən deyib.


O qeyd edib ki, ABŞ-ın bu cür hərəkətləri birtərəfli, özbaşına və qanunsuzdur: “İran İslam Respublikası bu haqda ABŞ hökumətinə xəbərdarlıq edib. İran öz milli təhlükəsizlik və müdafiəsinin güclənməsi üçün lazım olan qanuni hüquqlarını pozmağı heç kimə icazə verməyəcək”.


“The Wall Street Journal” qəzeti mötəbər mənbələrə istinadən xəbər verib ki, prezident Barak Obamanın administrasiyası İranın ballistik raket proqramı ilə bağlı yeni sanksiyaların tətbiqinə hazırlaşır. Sözügedən sanksiyalar 12-dək şirkətə, habelə İran, Honqkonq və Birləşmiş Ərəb Əmirliklərindəki bir sıra fərdi hədəfləyir. Bu şirkət və şəxslər İrana ballistik raketlərin yaradılmasında yardım göstərməkdə şübhəli bilinirlər.


ABŞ rəsmiləri deyirlər ki, Maliyyə Nazirliyi iyul ayında İranla dünyanın 6 gücü arasında imzalanmış nüvə sazişinin müddəalarına görə, Tehranın ortamənzilli raketləri ilə bağlı sanksiyalar və qara siyahılar tərtib etmək hüququnu özündə saxlayır.


İran rəsmiləri isə bildirirlər ki, ölkənin ali rəhbəri raketlərlə bağlı hər hansı sanksiyalara nüvə sazişinin pozulması kimi baxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR