“Aztelekom” rabitə xidmətlərinin keyfiyyəti müəyyən etmək üçün əhali arasında sorğu keçirir

“Aztelekom” rabitə xidmətlərinin keyfiyyəti müəyyən etmək üçün əhali arasında sorğu keçirir
# 24 avqust 2016 11:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC əhaliyə təqdim edilən rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etmək üçün əhali arasında sorğu keçirir.

APA-Economics”in məlumatına görə, sorğu ölkənin müxtəlif infrastruktura və relyefə malik 4 regionunu əhatə edir. İlkin mərhələdə Abşeron, Xaçmaz, Lənkəran rayonları və Gəncə şəhərinin sakinləri sorğuya cəlb olunacaq.

İki müxtəlif auditoriyanı əhatə edən sorğu rabitə xidmətlərindən istifadə edən və bu xidmətlərdən istifadə etməyən vətəndaşlar arasında keçiriləcək.

“Aztelekom” MMC-nin Baş direktor vəzifəsini icra edən Suat Paşayev deyib ki, sorğunu keçirməkdə əsas məqsəd rabitə xidmətlərinin keyfiyyətini, mövcud rabitə infrastrukturunda olan problemləri və müştəri məmnunluğunu müəyyən etməkdir: “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əsas şərt kimi irəli sürüb. Nazirliyin tapşırığına uyğun olaraq rabitə birlik müəssisələri ilk öncə mövcud problemləri müəyyənləşdirməli və daha sonra onu aradan qaldırmalıdır. “Aztelekom” MMC olaraq biz mövcud problemi vətəndaşın özündən öyrənməyə çalışırıq. Sorğu keçirilməsi yolu ilə rabitə və internet xidmətlərindən istifadə zamanı vətəndaşların üzləşdikləri problemləri və ya telekommunikasiya xidmətlərindən istifadə etməmə səbəblərini aydınlaşdıracağıq. Bu üsul problemlərin aradan qaldırılmasında bizə kömək edəcək. Sorğunun nəticələri analiz edildikdən sonra biz növbəti mərhələ olaraq problemlərin aradan qaldırılmasına çalışacağıq”.

Qeyd edək ki, bu gün “Aztelekom” MMC-nin 4 rayonda keçirəcəyi sorğuda 400 vətəndaşın iştirakı nəzərdə tutulur. Sorğu başa çatdıqdan sonra nəticələr qısa müddət ərzində ictimaiyyətə açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR