Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərlə birgə ictimai müzakirələr keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində QHT-lərlə birgə ictimai müzakirələr keçirilib
# 25 may 2016 12:17 (UTC +04:00)

Bakı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Sosial xidmət sahəsində dövlət sosial sifarişləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirə keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri, sosial xidmətlər üzrə ixtisaslaşmış QHT-lərin, beynəlxalq təşkilatların nümayəndələri iştirak edib.

İctimai müzakirəni giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov nazirliyin sosial xidmətlər sahəsində fəaliyyətindən və bu sahədə ixtisaslaşmış QHT-lərlə səmərəli əməkdaşlığından bəhs edib. İ. Rəhimov bildirib ki, bu əməkdaşlığın davamı kimi, ötən il nazirliyin sosial sifarişləri əsasında sosial xidmətlərin göstərilməsi üçün QHT-lər tərəfindən 36 rayonu əhatə edən 32 layihə icra olunub. Həmin layihələr çərçivəsində respublikamızın ayrı-ayrı şəhər və rayonlarında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif növlərdə reabilitasiya xidmətləri, günərzi qayğı mərkəzləri, həmçinin Bakı şəhərində autizm mərkəzi, taun sindromlu uşaqlar üçün reabilitasiya mərkəzi, lal-kar və zəif eşitmə qabiliyyəti olan uşaqlar üçün surdoloji mərkəz və s. təşkil edilib. Beləliklə də, qeyd olunan insanların ehtiyac duyduqları reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı işləri aparılıb.

Nazir müavini bildirib ki, hazırda təşkil olunan bu ictimai müzakirə də dövlət sosial sifarişləri əsasında sosial xidmətin təşkili sahəsində görülən işlərin və gələcək inkişaf perspektivlərinin vətəndaş cəmiyyətləri ilə birgə təhlil olunmasına yönəlib. Burada aparılan müzakirələrin nəticələri, səslənən təklif və tövsiyələr də sosial xidmətlər sisteminin inkişafı üçün faydalı olacaq.

Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Fuad Hüseynov sosial xidmət sahəsində sosial sifarişlərin əsas hədəfləri və prioritetləri barədə məlumat verib. Həmçinin nazirlik yanında İctimai Şuranın sədri Mayis Əliyevin (“Müasir dövrdə sosial xidmət sahəsində dövlət sosial sifarişlərinin QHT-lər tərəfindən həyata keçirilməsinin hüquqi əsasları”), BMT-nin Uşaq Fondunun şöbə müdiri Ramiz Behbudovun (“Sosial xidmətlə bağlı sosial sifarişlərin icrası sahəsində beynəlxalq təcrübə”), Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimlinin ("Sosial sifarişlərin həyata keçirilməsi sahəsində monitorinq və qiymətləndirmə") və digərlərinin çıxışları dinlənilib.

Tədbir zamanı sosial xidmət sahəsində mövcud vəziyyət, onun inkişaf perspektivləri ətraflı müzakirə olunub, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi barədə təklif və tövsiyələr irəli sürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR