Avropa Seçkilərin Müşahidəsi Akademiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib

Avropa Seçkilərin Müşahidəsi Akademiyası: Referendum beynəlxalq standartlara uyğun keçirilib
# 27 sentyabr 2016 10:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Avropa Seçkilərin Müşahidəsi Akademiyasının missiyasının Azərbaycanda keçirilmiş Konstitusiya referendumunun nəticələri ilə bağlı yekun bəyanatı açıqlanıb.

APA-nın xəbərinə görə, missiyanın rəhbəri, Malta parlamentinin spikeri Anglu Farrugia keçirdiyi mətbuat konfransında bildirib ki, 12 Avropa ölkəsindən olan 35 parlamentar və ekspert Avropa Seçkilərin Müşahidə Akademiyası beynəlxalq qeyri-hökuməti təşkilatının nümayəndəsi qismində referendumu müşahidə edib. O deyib ki, referendum səsvermənin azad və ədalətli keçirilməsini təmin edən Azərbaycan qanunvericiliyinə əsasən təşkil edilib: “Referendum günündən 1 ay əvvəl 29 düzəlişin hamısı poçt kuryeri vasitəsilə bütün Azərbaycan vətəndaşlarına çatdırılıb. Müşahidəçilər Bakıda və ətrafda 20 dairə üzrə müşahidə aparıb. Seçkilər dinc keçirilib və səsvermə məntəqələrinə sərbəst və maneəsiz giriş təşkil olunub. Polis və yerli icra nümayəndələrinin müdaxiləsi baş verməyib. Səsvermə gizli keçirilib və bununla bağlı problem müşahidə edilməyib. Barmaqların mürəkkəblənməsi prosesi düzgün qaydada keçirilib, müşahidə kameraları səsvermənin onlayn izlənməsinə şərait yaradıb. Ümumilikdə səsvermə beynəlxalq standartlara müvafiq olaraq, təyinatlı heyət tərəfindən peşəkarcasına və mütəşəkkil aparılıb. Bir neçə seçki məntəqəsində cüzi texniki problemlər olsa da, bu, səsverməyə təsir göstərməyib. Səsvermədə xeyli sayda yerli müşahidə iştirak edib. Səslərin sayılması azad və şəffaf həyata keçirilib”.

A. Farrugia bəyan edib ki, Azərbaycan xalqı güclü icra hakimiyyətinə dəstəyini açıq-aydın nümayiş etdirib: “Bu, referendum günü beynəlxalq müşahidəçilərə müraciət edən bir çox seçilər tərəfindən ifadə olunub”.

Beynəlxalq müşahidəçilər qeyd ediblər ki, Ermənistanla davam edən müharibə, geosiyasi qeyri-sabitlik, fundamentalizmin artması, terrorçuluq təhdidi, beynəlxalq iqtisadi-maliyyə böhranı bugünkü çətin dövrdə istənilən təhdid və problemləri həll etməyə qadir olan güclü və möhkəm hökumətə imkan yaradan Konstitusiya modelini dəstəkləmək üçün əsas səbəblərdir.

Sonda müşahidəçilər ölkəni sabit və demokratik institutlar yaratmağı davam etdirməyə və Azərbaycan hakimiyyətini Venesiya Komissiyası ilə sıx əməkdaşlığa çağırıb. Onlar bütün beynəlxalq təşkilatları Azərbaycan hakimiyyəti və MSK ilə konstruktiv dialoqu davam etdirməyə səsləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR