Azərbaycan və Lüksemburq XİN-ləri arasında məsləhətləşmələr keçirilib

Azərbaycan və Lüksemburq XİN-ləri arasında məsləhətləşmələr keçirilib
# 15 aprel 2016 23:31 (UTC +04:00)

Bakı-APA. Aprelin 14-də Lüksemburq şəhərində Azərbaycan Respublikası Xarici Işlər və Lüksemburq Böyük Hersoqluğunun Xarici ve Avropa İşləri Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.

Azərbaycanın Belçika Krallığındakı səfirliyindən APA-ya verilən məlumata görə, məsləhətləşmələr çərçivəsində Azərbaycan xarici işlər nazirin müavini Xələf Xələfov Lüksemburq Xarici və Avropa İşləri Nazirliyinin baş katibi Mark Ungeheuer və Beynəlxalq iqtisadi əlaqələr və Avropa məsələləri üzrə direktoru Qaston Stronk ilə görüşlər keçirib. Bu xüsusda, qarşıdan gələn dövrdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin daha yüksək səviyyəyə qaldırılması imkanları müzakirə edilib, regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb.

Nazir müavini X.Xələfov Lüksemburqun Böyük Hersoqu Anrinin ötən il Bakıda keçirilmiş Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək məqsədilə Azərbaycana etdiyi səfəri məmnunluqla xatırladıb, yüksək səviyyəli səfərlər mübadiləsinin siyasi əlaqələrə verdiyi təkan baxımından bunun gələcəkdə davam etdirilməsinin vacibliyini önə çəkib. O, Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli enerji və nəqliyyat layihələri haqqında Lüksemburq tərəfinə ətraflı məlumat verib, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin reallaşdırılması sahəsində Lüksemburq investisiya fondlarının və şirkətlərinin cəlb edilməsi üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

Nazir müavini Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində son dövrlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində yaşanan hadisələr haqqında qarşı tərəfi ətraflı məlumatlandırıb və Azərbaycanın münaqişənin həlli yolları ilə bağlı mövqeyini bölüşüb.

Lüksemburq tərəfi keçirilən məsləhətləşmələri yüksək qiymətləndirib, həm siyasi, həm də iqtisadi sahədə əlaqələrin inkişafı üçün geniş perspektivlərin mövcudluğu ilə bağlı fikirləri bölüşüb, Lüksemburqun islam sərmayəçiliyi sahəsində dünyada ilk yeri tutan qeyri-müsəlman ölkəsi olduğunu diqqətə çatdırıb, ölkənin yüksək inkişaf səviyyəsi əldə etdiyi investisiya fondları və informasiya texnologiyaları kimi sahələrdə əməkdaşlıq qurulmasını, habelə Lüksemburqun nəqliyyat ve logistika sahəsində Avropada qabaqcıl təcrübəyə malik olduğunu nəzərə alaraq iki ölkə arasinda yük daşımaları sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsini təklif edib.

Bununla əlaqədar, göstərilən istiqamətlər üzrə tərəflər arasında təmasların davam etdirilməsi və qarşıdan gələn dövrdə hər iki ölkənin ixtisaslaşmış dövlət qurumlarının bu fəaliyyətə cəlb edilməsi təklif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR