Amerikalı konqresmen: “Nəhayət ki, Gürcüstan NATO üzvü olacaq”

Amerikalı konqresmen: “Nəhayət ki, Gürcüstan NATO üzvü olacaq”
# 27 aprel 2016 09:47 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Vaşinqtonda ABŞ konqresmenləri ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə Gürcüstan-ABŞ ikitərəfli münasibətlər, Avropaya inteqrasiya, strateji əməkdaşlıq, iqtisadi və ticarət əlaqələrinin potensialı müzakirə olunub.

Gürcüstan hökumətinin mətbuat xidmətindən bildiriblər ki, müzakirələr zamanı Kvirikaşvilinin Gürcüstanın əsas strateji tərəfdaşı olan ABŞ-a səfərinin əhəmiyyəti vurğulanıb. Tərəflər əməkdaşlığın gücləndirilməsinə ümidvar olduqlarını bildiriblər.

Görüşdə regiondakı vəziyyət, işğal olunmuş ərazilərdə təhlükəsizlik məsələləri də müzakirə edilib. ABŞ tərəfi bir daha Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini bəyan edib.

ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin həmsədri Eliot Engel görüşdən sonra ölkəsinin Gürcüstanla əməkdaşlığının vacib olduğunu deyib: "ABŞ-Gürcüstan əməkdaşlığı hər iki tərəf üçün çox vacibdir. 2008-ci ildə mən NATO-nun Buxarest Sammitində Gürcüstan və Ukraynanın alyansa üzv olmaq niyyətini dəstəklədim. Hesab edirəm ki, bu ölkələr alyansa qəbul edilməlidir. Nəhayət ki, Gürcüstan NATO-nun üzvü olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR