Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Suzan Cəmil Milli Kitabxanada olub

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Suzan Cəmil Milli Kitabxanada olub
# 28 noyabr 2015 10:49 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Misir Ərəb Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Suzan Cəmil dünən Milli Kitabxanada olub.

Misir Mədəniyyət Mərkəzindən APA-ya verilən məlumata görə, Milli Kitabxananın direktoru professor Kərim Tahirov səfirə Milli Kitabxana barədə məlumat verib, dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi apardıldığını bildirib.

Milli Kitabxananın Misir Mədəniyyət Mərkəzi ilə əlaqələrindən məmnunluq ifadə edən K. Tahirov mərkəzin müdiri Dr. Əhməd Sami Elaydy tərəfindən ərəb dilində 5 min ədəbiyyatın elektron variantının Azərbaycan Milli Kitabxanasına hədiyyə edildiyini diqqətə çatdırıb.

Səfir Suzan Cəmil öz növbəsində Azərbaycanda işləməkdən məmnunluq duyduğunu, özünü çox xoşbəxt hesab etdiyini bildirib.

Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin sevindirici hal olmasını deyən səfir bunun Misir dövlətinin Azərbaycana çox əhəmiyyət verməsindən irəli gəldiyini vurğulayıb.

Səfir Suzan Cəmil kitabxana ilə yaxından tanış olub, xatirə şəkli çəkdirib.

Sonda qonağa Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan kinoları (DVD Azərbaycan və ingilis dillərində), Azərbaycan xalçaları kitabları təqdim edilb.

Səfir də, həmçinin, Misir Ərəb Respublikasında yeni çapdan çıxan kitabları Milli Kitabxanaya hədiyyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR