Daq Siqurdson: “Təmas xəttindəki müşahidələr barədə BMT qurumlarına məlumat veriləcək”

Daq Siqurdson: “Təmas xəttindəki müşahidələr barədə BMT qurumlarına məlumat veriləcək”
# 21 may 2016 13:23 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə cəbhə xəttində son hadisələrdən sonra BMT QAK-ın qiymətləndirmə missiyalarının 4-6 may tarixlərində Ağdam, Bərdə, Tərtər, Goranboy rayonlarına, 12-13 may tarixlərində isə Ağcabədi, Füzuli və Beyləqan rayonlarına səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılıb və bunun nəticəsində xüsusi hesabatın hazırlanacağı diqqətə çatdırılıb.

D. Siqurdson bildirib ki, aprel ayında işğalçı Ermənistan ordusu tərəfindən təmas xəttində yerləşən ərazilər iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində hərbçilər və mülki sakinlər həlak olub, məcburi köçkünlərə və yerli sakinlərə ciddi ziyan dəyib, evlər dağıdılıb və təsərrüfatlara isə ziyan dəyib. Onun sözlərinə görə, bunları BMT QAK-ın qiymətləndirmə missiyaları həmin ərazilərdə apardıqları müşahidələr nəticəsində görüblər. O qeyd edib ki, BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyinin Qiymətləndirmə missiyasının təmas xəttində gördükləri vəziyyət haqqında ölkədə olan BMT qurumlarına da ətraflı məlumat verəcəklər: “BMT QAK bütün bu baş verən hadisələrə görə öz narahatlığını bildirir və Azərbaycan hökumətinin hazırda həmin ərazilərdə apardığı bərpa işlərini yüksək qiymətləndirir”.

Ə Həsənov isə Azərbaycan ordusunda yüksək əhval-ruhiyyənin, güclü vətənpərvərlik hissinin olduğunu vurğulayıb: “Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızın çoxdan arzuladığı müvəffəqiyyətlərə nail oldu. Həm hərbçilərimizdə - əsgər, zabit və generallarımızda, həm də mülki şəxslərdə vətən uğrunda, torpaqlarımızın azad olunması uğrunda döyüş ruhu yüksək səviyyədədir. Azərbaycan prezidentinin gördüyü işlər göz qabağındadır. Dövlətimizin başçısının göstərdiyi cəsarət, onun iradəsi, hərbçilərimizə verdiyi qiymət, bütün bunların nəticəsi olaraq bizdə tam əminlik yaranıb ki, işğal altındakı torpaqlarımızın hamısını azad edəcəyik, məcburi köçkünlər doğma yurdlarına qayıdacaqlar. Prezident İlham Əliyev həmişə öz çıxışlarında bildirib ki, biz müharibə istəmirik və münaqişənin sülh yolu ilə həll olunmasının tərəfdarıyıq. Lakin əgər düşmən təxribatlarını davam etdirərsə, Azərbaycanın qüdrətli ordusu işğal altındakı torpaqlarımızı tezliklə azad edəcək. Biz buna əminik”.


Baş nazirin müavini əlavə edib ki, Ermənistanın beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq mülki əhaliyə atəş açmaları nəticəsində dağılmış bütün evlər Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yüksək keyfiyyətlə bərpa olunacaq, zərərçəkmiş bütün evlər əvvəlkindən də yaxşı səviyyədə bərpa edilərək sakinlərə təhvil veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR