Səfir: “NATO və Azərbaycan arasında əlaqələr strateji dəyərə malikdir”

Səfir: “NATO və Azərbaycan arasında əlaqələr strateji dəyərə malikdir”
# 15 dekabr 2015 18:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Rumıniya səfirliyinin NATO-nun Azərbaycanda dördüncü dəfə rezident əlaqələndiricisi mandatının birinci ilinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristianu Ciobanu, NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyam Lahyu, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərin hərbi attaşeləri, media və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir “Günəşli” platformasındakı faciə nəticəsində həyatını itirən şəxslərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Cristianu Ciobanu Rumıniyanın, Azərbaycanın avroatlantik institutlarla əməkdaşlığını fəal şəkildə dəstəklədiyini bildirib.

Səfir qeyd edib ki, Rumıniyanın diplomatik missiyası NATO-nun rezident əlaqələndiricisi kimi fəaliyyətinə 2009-cu ildə başlayıb və hazırda da 4-cü mandatını uğurla davam etdirir.

Diplomat diqqətə çatdırıb ki, 2015-ci il ərzində Bakı, Naxçıvan, Şamaxı, Şəmkir, Mingəçevir, Quba, Bərdə, Quba, Şəki şəhərlərində Azərbaycan gəncləri arasında avroatlantik dəyərlərin tanınması üçün müxtəlif seminarlar, dəyirmi masalar, konfranslar təşkil edilib.

“2016-cı il ərzində Rumıniyanın diplomatik missiyası NATO siyasəti və NATO-Azərbaycan əməkdaşlığını daha geniş işıqlandıran ictimai tədbirlər təşkil etməkdə davam edəcək. NATO və Azərbaycan arasında əlaqələr strateji dəyərə malikdir və bu əməkdaşlığın yaxın gələcəkdə daha da güclənəcəyinə əminik”, deyə səfir vurğulayıb.

Daha sonra çıxış edən NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Uilyan Lahyu Azərbaycanla NATO arasında mövcud əməkdaşlığın davam etdiyini və gələcəkdə daha da güclənəcəyini qeyd edib: “Azərbaycanla tərəfdaşlığımız güclüdür. NATO bütün formatlara və tərəfdaşlıqlarına sadiq qalmağa davam edəcək”, deyə U. Lahyu əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR