Polşanın Yuzef Pilsudski adına Akademiyasında xatirə lövhəsinin açılışı olub

Polşanın Yuzef Pilsudski adına Akademiyasında xatirə lövhəsinin açılışı olub
# 02 dekabr 2015 13:06 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın Polşadakı Səfirliyinin təşəbbüsü ilə Varşava şəhərində yerləşən Yuzef Pilsudski adına Akademiyada xatirə lövhəsinin açılışı olub.

Səfirlikdən APA-ya verilən məlumata görə, xatirə lövhəsi 1918 – 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin tanıdılmasına dəstək vermiş və 1920-1930-cu illərdə Azərbaycan siyasi emiqrasiyasını Varşavaya dəvət edərək əvəzolunmaz köməklik göstərmiş Polşa xalqının lideri Yuzef Pilsudskiyə həsr edilib.

Tədbirdə Yuzef Pilsudski adına Akademiyanın rektoru professor Andjey Mastalej çıxış edərək Azərbaycan-Polşa əlaqələrinin əhəmiyyətindən danışıb, Rektor bildirib ki, Akademiyada təhsil alan hər bir gənc xatirə lövhəsində həkk olunmuş cümlələri oxuyaraq Azərbaycanın Polşaya və Polşanın Azərbaycana tarixən həmişə yaxın və dost ölkə olmasını biləcək.

Səfir Həsən Həsənov çıxışında deyib ki, “Biz Unutmuruq” layihəsi çərçivəsində öz fəaliyyətləri ilə Azərbaycan və Polşa əlaqələrinin inkişafına töhfə vermiş şəxslərin xatirəsinə Polşanın şəhərlərində 11 abidə, barelyef və lövhələr qurulub. İştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycan dostlarını unutmur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR