Bu il ETSN-in “Qaynar xətt”inə 876 şikayət daxil olub

Bu il ETSN-in “Qaynar xətt”inə 876 şikayət daxil olub
# 14 aprel 2016 08:14 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 24 saat fəaliyyət göstərən 168 nömrəli “Qaynar xətt”inə ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 2016-cı ilin yanvar-mart ayları ərzində 876 şikayət daxil olub.

ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Qaynar xətt”ə daxil olmuş şikayətdən 635-i Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanuna müvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması isə hazırda davam etdirilir.

Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.

2016-cı ilin birinci rübü ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 413 şikayətdən 339, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 287 şikayətdən 201, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 71 şikayətdən 47, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 14 şikayətdən 11, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 69 şikayətdən 31, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 6 şikayətdən 1, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 5 şikayət üzrə araşdırma başa çatıb və qanuna müvafiq tədbirlər görülüb.

Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 10, Milli Hidrometeorologiya Departamentinə göndərilmiş 1 və digər şikayətlərin araşdırılması isə hazırda davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR