İlin əvvəlindən 30 minə yaxın əcnəbi Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınıb

İlin əvvəlindən 30 minə yaxın əcnəbi Azərbaycanın fərdi uçot sistemində qeydiyyata alınıb
# 12 aprel 2016 13:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycanda tətbiq olunan fərdi uçot sistemi respublikamızda əmək fəaliyyəti ilə məşğul olan, ölkənin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbiləri də əhatə edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, həmin şəxslərin məcburi dövlət sosial sığortasına cəlb edilməsi işlərinin davamı kimi, bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 1578 nəfər artaraq 29442 nəfərə çatıb. Onlardan 88 faizə qədəri kişilərdən, digərləri qadınlardan ibarətdir. Ümumilikdə ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 01 aprel tarixinə bu sistemdə fərdi şəxsi hesabı açılan əcnəbilərin sayında artım 6352 nəfər təşkil edib.

Hazırda fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşları 120-yə yaxın ölkəni təmsil edirlər. Onların sırasında daha yüksək say göstəricisinə görə ilk yerləri Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları tutur. Sonrakı yerlər Hindistan, İran, Çin, Banqladeş, Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya Krallığı, Pakistan, Ukrayna, Filippin və s. ölkələrin vətəndaşlarına aiddir.

Əcnəbilərin sığorta-pensiya sistemi ilə əhatə olunması bu sistemin tələblərinin icrası ilə yanaşı, həmin insanların gələcəkdə sosial təminat və pensiya hüququna malik olmalarına da şərait yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR