İsveçrənin dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırıq”

İsveçrənin dövlət katibi: “Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırıq”
# 15 aprel 2016 17:42 (UTC +04:00)

APA-nın məlumatına görə, Milli Məclisin nümayəndə heyəti əvvəlcə İsveçrə Parlamentinin yuxarı palatası olan Kantonlar Şurasının sədri Rafael Kont tərəfindən qəbul edilib.

Görüşdə B. Muradova ilk olaraq, aprelin əvvəlində Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş döyüşlər, onların baş vermə səbəbləri, münaqişə zonasında hazırkı vəziyyət və Azərbaycanın dünya ictimaiyyətindən, o cümlədən İsveçrədən gözlədikləri barədə həmsöhbətinə ətraflı məlumat verib.

R. Kont isə İsveçrənin hər zaman beynəlxalq hüququ dəstəklədiyini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də məhz beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu diqqətə çatdırıb. Sonra tərəflər Azərbaycanla İsveçrə arasında müxtəlif – siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə, o cümlədən ölkələrin parlamentləri arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Milli Məclisin nümayəndə heyətinin Kantonlar Şurasının xarici siyasət komitəsinin sədri Kristian Levra və üzvləri ilə görüşdə isə tərəflər bir daha Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində baş verən son hadisələr, habelə iki ölkənin Parlamentləri arasında əməkdaşlıq, o cümlədən müxtəlif beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində qarşılıqlı dəstək məsələlərini müzakirə ediblər.

Nümayəndə heyətinin İsveçrənin xarici işlər üzrə dövlət katibi İv Rosye ilə görüşündə B. Muradova dövlət katibini Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş vermiş son hadisələr, onların baş vermə səbəbləri, münaqişə zonasında cari vəziyyət barədə ətraflı məlumat verib. O, aprelin 5-də Ermənistan və Azərbaycan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında bağlanmış atəşkəs razılaşmasının çox kövrək olduğunu, hər gün Ermənistan tərəfinin Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutmaqda davam etdiyini və bu təxribatların davam edəcəyi təqdirdə, Azərbaycan tərəfinin də buna cavab vermək hüququnun olduğunu qeyd edib. İ. Rosye İsveçrənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və beynəlxalq təşkilatların qəbul etdikləri sənədlər çərçivəsində həllini dəstəklədiklərini, tərəflərin arzu etdikləri təqdirdə, münaqişənin həlli üçün öz vasitəçilik xidmətlərini təqdim etməyə hazır olduqlarını diqqətə çatdırıb.

Sonra İsveçrə parlamentinə son seçkilərdən sonra yenidən yaradılan Azərbaycanla dostluq qrupunun inauqurasiya mərasimi keçirilib. Qrupun əvvəlki tərkibdə sədri, Kantonlar Şurasının sabiq üzvü Kristina Eqerzeqi-Obrist qrupun yeni sədri Filippo Lombardi və sədr müavini Tyerri Burkharda uğurlar arzulayıb, sonuncular da öz növbəsində bu qrupu təsis etmək və ona rəhbərlik etməkdən qürur duyduqlarını bildiriblər.

Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti həmçinin, İsveçrədə yaşayan, çalışan və təhsil alan həmyerlilərimiz, habelə türk diasporunun rəhbərləri ilə görüşüb. Görüşdə Azərbaycan və türk diaspor nümayəndələri ölkəmizin inkişafı, İsveçrə ilə münasibətlərdə və son günlər Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xətti boyunca baş verən hadisələr barədə ətraflı məlumatlandırılıblar. Səfərin sonunda Milli Məclisin sədr müavini B. Muradova İsveçrənin kütləvi informasiya vasitələrinə geniş müsahibə verib. Müsahibələrdə əsas diqqət aprelin 2-də Ermənistan tərəfindən silahlı qüvvələrin təmas xəttində törədilmiş təxribatlara yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR