Bakı məktəblərində “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlayır

Bakı məktəblərində “Məktəblinin dostu” layihəsi fəaliyyətə başlayır
# 03 sentyabr 2016 13:18 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Yeni tədris ilindən Bakı məktəblərindəTəhsil Nazirliyi və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və İnnovasiyalar Agentliyinin birgə həyata keçiridiyi “Məktəblinin dostu” layihəsinə start verilib. Layihənin koordinatoru Rüstəm Ağayev APA-ya açıqlamasında deyib ki, ilkin olaraq paytaxtda icra olunacaq pilot layihənin məqsədi tədris prosesinin sağam, təhlükəsiz, əlverişli psixoloji mühitdə təşkil edilməsi, valideynlərin övladlarının təhsil şəraiti barədə məlumatlılığının və məmnunluğunun artırılmasıdır.

Onun sözlərinə görə, ölkəmizin təhsil sistemində ilk dəfə olaraq gerçəkləşdirilən "Məktəblinin dostu" layihəsi dünyanın müxtəlif ölkələrində çeşidli adlarla uğurla sınaqdan çıxarılıb. Burada əsas hədəf məktəb-təhsilalan-valideyn üçbucağının tərəfləri arasında üfüqi ünsiyyətin qurulması və hədəf olaraq təhsilalana ahəngdar özünü gerçəkləşdirmə imkanları yaratmaqdır. Məktəblinin dostu olmaq üçün 21-30 yaşa kimi ali təhsilli hər bir insan müraciət edə bilər: “Onlar məktəbdə iş vaxtının əvvəlindən sonuna kimi məktəb ərazisinə nəzarət edəcək. İş dinamik olduğuna görə, burada cavanların olması məsləhətdir. Məktəblinin dostunun əsas vəzifəsi məktəblinin təhlükəsizliyini qorumaq, fövqəladə hal baş verdikdə müəllim heyətinə və şagirdlərə ilkin yardım göstərməkdir. Məktəblilərin dostu gülərüz, uşaqların məsləhətçiləri, böyük qardaş və bacıları olacaqlar”.

R. Ağayev əlavə edib ki, onların ümumtəhsil müəssisələrinin inzibati heyətinin əmək haqlarına uyğun olaraq əmək haqqı alması nəzərdə tutulur. O qeyd edib ki, hazırda müzakirələr gedir və yaxın gələcəkdə bununla bağlı məlumat veriləcək: “Məktəblinin dostu” layihəsinin müraciət onlayn formada aparılacaq. Onlayn müraciətlər Təhsil Nazirliyinin, Asan Könüllülər və Asan Xidmətin rəsmi facebook səhifəsində sentyabrın 10-dək qəbul olunacaq. Sentyabrın 10-dan sonra namizədlər test imtahanlarında iştirak edəcəklər. Bu zaman onlar 30 ümumi, 20 psixoloji sualları cavablandırmalı olacaqlar. Bu testlər keçən namizədlər Asan Xidmətlə birgə müsahibəyə dəvət olunacaq. Müsahibəni uğurla keçən namizədlər təlimlərə gedəcəklər. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən, seçilmiş namizədlər “Məktəblinin dostu” təyin ediləcəklər”.

Koordinator vurğulayıb ki, layihə müəyyən müddətdən sonra nazirlik Asan Xidmətlə birlikdə monitorinq keçirəcək: “Monitorinqdə şagirdlərin, valideynlərin və məktəb heyəti üzvlərinin fikri öyrəniləcək. Ondan sonra layihəni genişləndirmək üçün addımlar davam etdiriləcək. Layihə uğurlu olarsa, genişləndirilərək ölkənin digər şəhər və rayonlarında da icra olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR