Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib

Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib
# 06 may 2016 14:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Dövlət Film Fondunda “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib. Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransı Kinematoqrafçılar İttifaqının icraçı katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq bildirib ki, Azərbaycan kinosunun inkişafında, onun formalaşmasında Heydər Əliyevin böyük xidmətləri olub.

Cəmil Quliyev qeyd edib ki, H. Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra Azərbaycan kinosunun inkişafında yeni mərhələ başlayıb: ““Nəsimi”, “Babək”, “Nizami”, “Dədə Qorqud” kimi filmlər Heydər Əliyevin dövründə çəkilib. Bu dövrdə Azərbaycan kinosunun maddi-texniki bazası gücləndirilib, kino xadimləri fəxri adlara layiq görülüb, Dövlət Film Fondu yaradılıb. Bundan əlavə Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli sərəncamı ilə hər il avqustun 2-də Azərbaycan Kinosu Günü kimi qeyd edilir”.

Tədbirdə xalq artisti Vaqif Mustafayevin H. Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Ata yolu” filmi nümayiş etdirilib.

Qeyd edək ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Film Fondu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının birgə təşkilatçılığı ilə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR