Bu ilin ilk yarısında Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb

Bu ilin ilk yarısında Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb
# 18 iyul 2017 15:45 (UTC +04:00)

Bu ilin ilk yarısında Bakıda 6644 cinayət hadisəsi qeydə alınıb.

APA-nın xəbərinə görə, bunu Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon prokurorluqları işçilərinin iştirakı ilə 2017-ci ilin I yarımilində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində Bakı şəhər prokuroru İlqar Abbasov bildirib.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin açılma faizi 0,3% artaraq 79,9 %, ağır və xüsusilə ağır cinayətlərin sayı 38 hadisə və ya 3,4% azalaraq 1070 olub.

Hesabat dövründə qeydə alınmış 31 qəsdən adam öldürmə cinayəti (2016-cı ilin müvafiq dövründə həmin sayda), o cümlədən qeyri-aşkarlıq şəraitində törədilmiş qəsdən adam öldürmə cinayətlərinin, eləcə də 7 qəsdən adam öldürməyə cəhd cinayəti (2016-cı ilin müvafiq dövründə 13 hadisə) açılıb.

2017-ci ilin birinci yarımilində qəsdən adam öldürmə cinayətlərinin sayı sabit qalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə azalıb ki, bu da Azərbaycanda ictimai-siyasi sabitliyin təmin edilməsi sahəsində aparılan işlərin göstəricilərindən biridir.

Hesabat dövründə isə 38 quldurluq hadisəsi, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 hadisə az baş vermiş, onlardan 7-si bağlı qalıb.

Ölümlə nəticələnən 87 yol-nəqliyyat hadisəsi qeydə alınmış və həmin hadisələrdən bağlı qalanı olmayıb.

Müşavirədə hesabat dövründə əldə edilmiş müsbət nəticələrlə yanaşı yol verilmiş nöqsanlar da diqqətə çatdırılmışdır. Bildirilib ki, quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, onlardan 7 cinayət faktının tezliklə açılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi üçün intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılmasının, cinayət nəticəsində vurulmuş ziyanın istintaq zamanı ödətdirilməsi sahəsində dönüş yaradılmalıdır. İstintaq və təhqiqat fəaliyyətində aşkar edilmiş nöqsanlar, qanun pozuntuları, süründürməçilik halları konkret misallarla göstərilməklə təhlil edilib onların aradan qaldırılması tələb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR