Azərbaycan fizioloqlarının V qurultayı keçirilir

Azərbaycan fizioloqlarının V qurultayı keçirilir
# 10 oktyabr 2017 09:40 (UTC +04:00)

Mərkəzi Elmi Kitabxanada A.İ.Qarayev adına Fiziologiya İnstitutunun 50 illiyinə həsr olunmuş “Fiziologiya və insan sağlamlığı” mövzusunda Azərbaycan fizioloqlarının V qurultayı başlayıb.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib ki, Azərbaycanda fiziologiya məktəbinin formalaşması 1919-cu ildə Bakı Dövlət Universitetinin təsis olunmasından sonra başlayıb. Fiziologiya İnstitutunun SSRİ Nazirlər Sovetinin və Azərbaycan hökumətinin müvafiq qərarı ilə akademiyanın tərkibində fəaliyyət göstərən Fiziologiya sektorunun əsasında yaradıldığını deyən A. Əlizadə onun təsis olunması və formalaşmasında ilk direktor akademik Abdulla Qarayevin mühüm rolunun olduğunu vurğulayıb.

Fiziologiya İnstitutunun direktoru Ulduz Həşimova “Fiziologiya elmi Azərbaycanda: yaranma tarixi, müasir vəziyyəti və inkişaf perspektivləri adlı məruzə ilə çıxış edib. O qeyd edib ki, fiziologiyanın inkişafının müasir mərhələsi bio-təbabət istiqaməti ilə xarakterizə olunur: “İnstitutun elmi tematikası bütövlükdə herontologiya, ekoloqo-morfoloji və neyrofiziologiya sahəsində aparılan tədqiqatlara yönəlib, qocalmanın fizioloji və molekulyar-genetik mexanizmlərinin öyrənilməsi üzrə beynəlxalq səviyyədə həyata keçirilməkdə olan kompleks tibbi-bioloji tədqiqatlar proqramı işlənib hazırlanıb”.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi akademik Əhliman Əmiraslanov qurultayın fiziologiyanın müasir problemləri ətrafında qarşılıqlı anlaşma, gələcək birgə tədqiqatlar üçün imkan yaradacağına inamını ifadə edib. Fiziologiyanın tibbin nəzəriyyəsi olduğunu deyən Ə. Əmiraslanovun sözlərinə görə, müxtəlif xəstəliklər zamanı orqanizmdə baş verən funksional pozulmaları başa düşmək, düzgün müalicə yollarını təyin etmək üçün mütləq normal və sağlam insanlarda gedən fizioloji prosesləri bilmək lazımdır: “İnsanın müxtəlif xəstəliklərinin öyrənilməsi isə bir çox normal fizioloji proseslərin mexanizmlərinin aydınlaşdırılmasına və orqanların funksiyalarının başa düşülməsinə gətirir”.

Tədbirin davamında çıxış edən Rusiya, Gürcüstan və digər ölkələrdən gələn qonaqlar təbriklərini çatdırıblar.

Oktyabrın 11-dək davam edəcək qurultay öz işini plenar iclaslarla davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR