İtaliyalı alimlər Azərbaycanda yeraltı suların və qazların izotop-geokimyəvi tərkibini öyrənəcəklər

İtaliyalı alimlər Azərbaycanda yeraltı suların və qazların izotop-geokimyəvi tərkibini öyrənəcəklər
# 10 sentyabr 2015 13:42 (UTC +04:00)

Bakı - APA. İtaliyalı alimlər azərbaycanlı həmkarları ilə birgə Gədəbəy və Daşkəsən rayonlarında yeraltı suların və qazların izotop-geokimyəvi tərkibini öyrənəcəklər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, bu məqsədlə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya Universitetindən professor Franko Tassi, dosent Federiko Sani və Geologiya Elmləri və Yer Ehtiyatları İnstitutunun elmi işçisi Maria Laura Balestrieri Azərbaycana gəliblər.

Onlar AMEA Geologiya və Geofizika İnstitutunun Çökmə hövzələrinin flüid dinamikası şöbəsinin rəhbəri Əkpər Feyzullayev və Geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri Çingiz Əliyevlə birgə çöl tədqiqatları aparacaqlar. Bir həftə davam edəcək işlər çərçivəsində təbii mineral və termal suların, həmçinin qazların (radon, helium, arqon, karbohidrogen və karbon qazları) çıxdığı ərazilərdə geoloji araşdırmalar və analitik ölçmələr həyata keçiriləcək, nümunələr götürüləcək. Sonra nümunələr İtaliyada izotop-geokimyəvi analiz olunacaq.

Tədqiqatlarda məqsəd termal suların və qazların geokimyəvi xassələrinin və izotop tərkibinin öyrənilməsi nəticəsində onların mənşəyini müəyyən etməkdir. Bu istiqamətdə tədqiqatlar AMEA və İMTŞ-in 2014-2015-ci illəri əhatə edən “Böyük Qafqazın şərq hissəsinin və Talış dağlarının flüid təzahürləri: flüid geokimyası, struktur və geodinamik asılılıq” adlı müştərək elmi layihəsi çərçivəsində həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR