Doroxin Türkiyədə öldürülən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb

Doroxin Türkiyədə öldürülən Rusiya səfiri ilə bağlı xatirələrini bölüşüb
# 20 dekabr 2016 14:47 (UTC +04:00)

“Andrey Karlova Rusiya üçün böyük əhəmiyyət daşıyan Türkiyə kimi ölkənin həvalə edilməsi onun barəsində çox şey deyir”.

APA-nın xəbərinə görə, bu sözləri Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.


A. Karlovla Rusiya Xarici İşlər Nazirliyində birlikdə çalışdıqlarını diqqətə çatdıran səfir onu böyük nüfuza malik təcrübəli diplomat kimi xarakterizə edib: “O, Konsulluq Departamentinin direktoru idi, mən isə UNESCO ilə mədəniyyət əlaqələri üzrə Departamentin direktoru idim. Andrey səfir təyinatı alan ən gənc əməkdaşlarımızdan biri idi. O, Koreya üzrə ixtisaslaşdığı üçün Koreya Xalq Demokratik Respublikasına səfir təyin olundu. Daha sonra bir müddət kadrlar üzrə departamentə rəhbərlik etdi və nəhayət, Türkiyəyə təyinat aldı. Mən onun nə düşündüyünü, hansı mövqe tutduğunu bilirdim, onun Rusiya-Türkiyə, Türkiyə-Azərbaycan münasibətlərinə dair mərkəzə göndərdiyi məlumatlarla tanış olurdum. O, layiqli insan idi. Əlbəttə, bu cür insanın bu tərzdə öldürülməsi təəssüf doğurur”.

Xatırladaq ki, dekabrın 19-da axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Rusiyanın bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR