Bakıda Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi qeyd edilib

Bakıda Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyi qeyd edilib
# 21 fevral 2017 11:02 (UTC +04:00)

Bakı Slavyan Universitetində Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 25 illiyinə həsr olunmuş tədbir keçirilib.

APA-nın məlumatına görə, tədbirdə Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri, millət vəkilləri, digər şəxslər iştirak edib.

BSU-nun rektoru Nurlanə Əliyeva Azərbaycanın müstəqilliyinin bərpasından sonra Ukrayna ilə ikitərəfli münasibətlərin xüsusi yer tutduğunu deyib. O, hazırda universitetdə 44 tələbənin Ukrayna dilini öyrəndiyini, universitetdəki 11 mədəniyyət mərkəzi arasında ilk olaraq Ukrayna Mərkəzinin açıldığını nəzərə çatdırıb.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət və məhəbbətə əsaslandığını söyləyib. Diplomatın sözlərinə görə, istər sovet vaxtında, istərsə də müasir zamanda bu münasibətlərin xüsusi statusu olub: “Hazırda Ukraynada 6 min azərbaycanlı tələbə oxuyur. Bu, həm də ona görə vacibdir ki, azərbaycanlılar Ukraynanın təhlükəsiz yer olduğunu anlayır”.

AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev qeyd edib ki, hər iki ölkə müstəqillikdən sonra öz ərazilərində hərbi münaqişələrin yaranması ilə rastlaşıb.


Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun sədri Maksim Kuryaçiy bildirib ki, Ukraynada münaqişə başladıqdan ordu sıralarına ilk qatılanların arasında azərbaycanlılar da olub. Ordunun yenidən qurulmasında və könüllülər hərəkatında azərbaycanlıların yaxından iştirak etdiyini deyən deputatın qənaətinə görə, bu, Ukraynada çox yüksək qiymətləndirilir: “Azərbaycan Qafqaz və Xəzər regionunda vacib oyunçudur. Buradakı neft-qaz layihələrində əsas iştirakçılardan biridir. Biz güclü, çiçəklənən və inkişaf edən Azərbaycan görməkdə maraqlıyıq”.

Millət vəkili Rüfət Quliyev elm və mədəniyyət sahəsində münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Sonra tədbir bədii hissə ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR