Bağlanan bankın mənimsəmədə təqsirləndirilən filial müdirinin məhkəməsində şahidlər ifadə verib

Bağlanan bankın mənimsəmədə təqsirləndirilən filial müdirinin məhkəməsində şahidlər ifadə verib
# 01 fevral 2018 11:45 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Dəmir Bank" ASC-nin mənimsəmədə təqsirləndirilən Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədarı Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə iclası davam edib.

APA-nın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda şahid qismində ifadə verən Könül Məmmədova deyib ki, "Dəmirbank"da xəzinədar işləyib. O, verilən təlimatları yerinə yetirdiyini, əmanətçiləri tanımadığını söyləyib.

Şahid Rövşən Quliyev isə deyib ki, bankın "Bayıl" filialında baş mühasib işləyib, işlədiyi müddətdə hər hansı qanun pozuntusuna yol verilməyib.

Şahid Elvin Kərimov isə deyib ki, Fərəh Rəşadətlinin sürücüsü olub: "Fərəh xanımın anası mənə 75 min manat pul vermişdi. Həmin pulu aparıb zərərçəkmiş şəxslərdən Ruslan adlı şəxsə vermişəm".

Proses fevralın 8-də davam edəcək.

F. Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), F.Qarayev və T.Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinirlər. Cinayət işində 8 nəfər zərərçəkmiş var.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasında cinayət işinin ibtidai istintaqa qaytarılması barədə qərar qəbul edilib. Hakim bildirib ki, ibtidai istintaq zamanı bir sıra pozuntulara yol verilib. İş yenidən araşdırılaraq, məhkəməyə göndərilib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən F. Rəşadətli sonradan məhkəmə zalında həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR