Bu ilin I yarısında dövlət investisiya proqramı 47% icra edilib

Bu ilin I yarısında dövlət investisiya proqramı 47% icra edilib
# 09 iyul 2018 20:28 (UTC +04:00)

“Ölkənin sosial-iqtisadi inkişafına müstəsna töhfələr verən məqsədli dövlət proqramlarının uğurlu icrası əldə edilmiş nailiyyətlərin əsasını təşkil edir. Regionların sürətli inkişafını təmin edən dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin, xüsusilə infrastrukturun və əhaliyə sosial xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində işlər davam etdirilib”.

APA-Economics”in məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev deyib. Onun sözlərinə görə, ilin birinci yarısında xüsusi əhəmiyyətli infrastruktur layihələrini nəzərdə tutan dövlət investisiya proqramı 47 faiz icra edilib. Nazir bildirib ki, bu dövrdə ayrılmış vəsait hesabına paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib.

“Aqrar sektorda meliorativ infrastrukturun daha da yaxşılaşdırılması tədbirləri çərçivəsində əkinəyararlı torpaq sahələrinə suvarma suyunun çatdırılması istiqamətində görüləcək işlər dövlət investisiya proqramında nəzərdə tutulmuş vəsait hesabına davam etdirilir.Ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilib, 29 yaşayış məntəqəsində işlər başa çatdırılıb. Şəhər və kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması çərçivəsində Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksi, Şərur rayonu üzrə birinci mərhələ, Mingəçevir, Xızı şəhərlərinin və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemi, Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemi istifadəyə verilib”, - deyə nazir vurğulayıb.

Ş.Mustafayev əlavə edib ki, hesabat dövründə sosial layihələrin icrası davam etdirilib, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial infrastruktur obyektləri istifadəyə verilib. Nazir qeyd edib ki, bu dövrdə Mingəçevir “ASAN xidmət” Mərkəzinin açılışı olub, bu ilin sonunadək Şəki və İmişli “ASAN həyat” komplekslərinin tikintisi başa çatdırılacaq. Onun sözlərinə görə, bu ilin may ayında Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Azərbaycanın regionun mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməsində və tranzit imkanlarının genişləndirilməsində xüsusi əhəmiyyət kəsb edir.

“Möhtərəm cənab Prezident, hazırda uğurla həyata keçirilən sənayeləşmə siyasətinizə uyğun olaraq, istehsal və emal müəssisələrinin, sənaye parkları və məhəllələrinin yaradılması davam etdirilir. Sənaye parklarına indiyədək 2,6 milyard dollar investisiya yatırılıb, tikintidə və istehsalda 11 minə yaxın iş yeri yaradılıb. Növbəti mərhələdə 1,1 milyard dollardan çox investisiya qoyuluşu və 7500-dək yeni iş yerinin açılması nəzərdə tutulur. Artıq Sumqayıt Kimya Sənaye Parkında 7 müəssisə fəaliyyət göstərir, 2018-ci ilin sonunadək daha 7 müəssisə istifadəyə veriləcək.

“Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik Balaxanı Sənaye Parkında fəaliyyət göstərən 5 müəssisədə 400-ə yaxın işçi çalışır. İkinci mərhələdə daha 5 istehsal sahəsinin tikintisinə başlanacaqdır. Dünya Bankı ilə birgə həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi çərçivəsində Balaxanı poliqonunun müasir ekoloji-sanitar normalara uyğun bərpası başa çatdırılıb.

Pirallahı Sənaye Parkında ümumi dəyəri 100 milyon dollar olan əczaçılıq və şpris istehsalı müəssisələrinin yaradılması işləri aparılır. İlin sonuna istifadəyə veriləcək şpris zavodu daxili tələbatı ödəməklə yanaşı, ixrac imkanları da yaradacaq. Mingəçevir Sənaye Parkında investisiya dəyəri 85 milyon dollar olan 2 iplik fabrikində 750 nəfər işlə təmin olunub.

Neftçala Sənaye Məhəlləsində 8 müəssisə artıq fəaliyyətə başlayıb, bu müəssisələr üzrə 45 milyon manatdan çox investisiya qoyulub, 500-ə yaxın yeni iş yeri yaradılıb.

Möhtərəm cənab Prezident, martın sonunda Sizin və İran Prezidentinin iştirakı ilə Neftçala Sənaye Məhəlləsində açılmış “Xəzər” avtomobil zavodunda ildə 10 min avtomobil istehsal olunacaq. Bu avtomobillər daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac ediləcəkdir. Artıq 100-ə yaxın avtomobilin satışına başlanıb, daha 200 avtomobil üçün sifariş qəbul edilib.

Masallı Sənaye Məhəlləsinin tikintisi başa çatdırılıb, Hacıqabul və Sabirabad Sənaye məhəllələri ilin sonunadək istifadəyə veriləcək.

Tapşırığınıza uyğun olaraq, xalçaçılığın inkişafı məqsədilə 10 rayonda xalça emalatxanası istifadəyə verilib, daha 10 emalatxananın, 5 yun və boyaq maddələrinin qəbulu məntəqəsinin və Sumqayıt Kimya Sənaye Parkında yunəyirici boyaq fabrikinin tikintisi aparılır”, - deyə Ş.Mustafayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR