SKMF Aran iqtisadi rayonundakı sahibkarlara 5,3 mln. manat kredit verib

SKMF Aran iqtisadi rayonundakı sahibkarlara 5,3 mln. manat kredit verib
# 13 aprel 2017 15:02 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsini davam etdirir.


İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Neftçala Sənaye Zonasında keçirilib. İşgüzar forumda 80-ə yaxın sahibkar iştirak edib.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, indiyədək Neftçala rayonundan olan 240-dək sahibkara 11 mln. manatadək güzəştli kredit verilib. Bildirilib ki, dövlət başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, son illər 160-a yaxın müasir sənaye müəssisəsinin maliyyələşdirilməsinə 510 milyon manat güzəştli kredit verilib. Güzəştli qaydada maliyyələşdirilən müəssisələrdə istehsal olunan məhsullar idxalı əvəz etməklə yanaşı, ölkənin sənaye potensialının reallaşdırılmasında mühüm rol oynayacaqdır. Qeyd edilib ki, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılması baxımından sənaye zonalarının yaradılması böyük əhəmiyyət kəsb edir.

Bildirilib ki, Neftçalada fəaliyyət göstərən sənaye zonasında dövlətin güzəştli kreditləri hesabına balıq yemi istehsalı müəssisəsi maliyyələşdirilib. Bundan əlavə, sənaye zonasında dövlətin güzəştli krediti hesabına plastik tara istehsalı üzrə investisiya layihəsinin maliyyələşdirilməsi müzakirə olunur.

İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 5,3 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, pambıq əkini və emalı müəssisəsinin yaradılması, heyvandarlıq, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək və bu investisiya layihələrinin reallaşdırılması 200-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR