Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 12 aprel 2018 14:12 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir Müsadi bin İbrahim əs-Süleymi prezident seçkilərində Azərbaycan xalqı tərəfindən İlham Əliyevin yenidən prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Səfir ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət və turizm sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb.

Qeyd olunub ki, keçən il 35.000-dən artıq Səudiyyə Ərəbistanı vətəndaşı ölkəmizə səfər edib və hava daşımaları sahəsində sazişin imzalanması və birbaşa hava uçuşları vasitəsilə cari ildə bu göstərici daha da artacaq.

Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına münasibətdə tutduğu ardıcıl mövqeyinin, Azərbaycanın haqlı və ədalətli mövqeyini beynəlxalq təşkilatlarda dəstəkləməsinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb. Nazir 90-cı illərin əvvəllərində, Azərbaycan üçün xüsusilə çətin vaxtlarda Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə Səudiyyə Ərəbistanı Krallığı tərəfindən göstərilən humanitar yardımın heç zaman unudulmadığını vurğulayıb.

Səfir Müsadi bin İbrahim əs-Süleymi Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinin ardıcıl surətdə davam edəcəyini qeyd edərək, fəaliyyət göstərdiyi müddətdə ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün ona göstərilən dəstəyə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR