Nazir: "Ölkənin ən azı 60 rayonunda Ahıllar Mərkəzin yaradılmasına çox ciddi ehtiyac var"

Nazir: "Ölkənin ən azı 60 rayonunda Ahıllar Mərkəzin yaradılmasına çox ciddi ehtiyac var"
# 17 dekabr 2019 11:28 (UTC +04:00)

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2018-ci ildə 2 milyon manat vəsait sosial sifarişlər üçün Qeyri-Hökumət Təşkilatları ilə əməkdaşlığa yönəldilib. Bunun nəticəsində 68 layihə icra olunub".

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib. Onun sözlərinə görə, dövlət başçısının 1 iyul 2019-cu il sərəncamı ilə bu məqsədlə əlavə 5 milyon manat da ayrılıb: "Ümumilikdə 7 milyon manat vəsait hesabına 195 layihə maliyyələşdirilir. Bunların hər biri müvafiq satınalma prosedurlarına uyğun şəkildə tənzimlənir".

Nazir qeyd edib ki, sosial sifarişlərin icrasında çevikliyi qorumaq çox önəmlidir: "Çevikliyi qoruya bilməsək, layihələrin icra səviyyəsi ciddi şəkildə aşağı düşəcək. İlin ilk 2-3 ayı ərzində bütün layihələr hazırlanıb təqdim olunmalıdır ki, il ərzində xidmətlər göstərilə bilsin. Ona görə də bu mexanizmi daim təkmilləşdirməyə hazırıq. Ancaq bu layihələrinin sayının artırılmasına ehtiyac var. Yəni, bir il ərzində 200-ə qədər layihə kifayət deyil".

S. Babayev əlavə edib ki, 200 layihənin içərisində 10 Ahıllar Mərkəzinin açılması nəzərdə tutulur, amma ölkənin ən azı 60 rayonunda belə Mərkəzin yaradılmasına çox ciddi ehtiyac var: "Surdoloji Mərkəzlərin sayı cəmi 10-15-dir, görmə qabiliyyəti zəif olan uşaqlar üçün də Mərkəzlərin sayı bu qədərdir. Bunların hər biri hər rayonda olmalıdır".

Nazir əlavə edib ki, Günərzi Qayğı Mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır: "Bir Günərzi Qayğı Mərkəzi yaxşı halda 30-50 uşağa xidmət edə bilir. Aydın məsələdir ki, 30-50 uşağa xidmət edən Günərzi Qayğı Mərkəzi 1-2 kəndin ehtiyacını görə bilir, bütöv rayonun yox. Ona görə də bütün təşəbbüsləri dəstəkləyirik və birgə əməkdaşlıqda maraqlıyıq. Düşünürəm ki, həm qanunvericiliyin inkişaf etdirilməsi, həm də ortaq layihələrlə bu seqmenti daha da artıra bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR