Nazirlik: Bu il elektron xidmətlərə 6 mln. müraciət olub

Nazirlik: Bu il elektron xidmətlərə 6 mln. müraciət olub
# 07 avqust 2017 13:16 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə müraciətlərin sayı ötən ay da artmaqda davam edib. Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, cari ilin iyul ayında nazirliyin e-xidmətlərinə əvvəlki iyun ayı ilə müqayisədə 27,3% çox, yəni 780 152 müraciət qeydə alınıb və bu da ötən ay “Elektron hökumət” portalına ümumi müraciətlərin (2 501 008 müraciət) 31,2% təşkil edib.

Əvvəlki aylarda olduğu kimi, iyul ayında da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “İş yerinə dair arayış”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” və s. e-xidmətləri vətəndaşların portalda ən çox müraciət etdikləri e-xidmətlərdən olublar.

Bununla yanaşı, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” e-xidməti də yüksək istifadə göstəricisi (278 767 müraciət) ilə diqqəti cəlb edib ki, bu da həmin e-xidmətə böyük sosial tələbin olmasından, onun ictimai əhəmiyyətindən xəbər verir. Cari il aprelin 1-dən istifadəyə verilən bu e-xidmət sığortaedənlərlə işin müasir tələblərə uyğun və səmərəli təşkili işlərinin davamı olaraq, bu sahədə əhaliyə xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, sığortaedənlər üçün hesabatların təqdim olunması prosesinin xeyli sadələşdirilməsinə imkan verib. Nazirliyin “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Pensiya kalkulyatoru”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Pensiyaçıya məlumatların verilməsi” və s. e-xidmətləri də vətəndaşların maraq dairəsindədir.

Ümumilikdə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 30-a yaxın e-xidməti əhalinin istifadəsindədir və cari ilin yanvar-iyul aylarında həmin e-xidmətlərə 5 milyon 970 min 381 müraciət qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR