Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib
# 18 aprel 2017 16:03 (UTC +04:00)

2017/2018-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 19-26 aprel tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) DİM-də təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında (SQK) qeydiyyatdan keçməlidirlər.

Müsabiqədə iştirak etmək hüququna 2017-ci il may ayının 15-dək 19 yaşı tamam olmayan, II və ya III ixtisas qrupu üzrə 30 aprel 2017-ci il tarixində keçiriləcək qəbul imtahanında iştirak edən (qəbul imtahanı rus dilində verilməlidir), attestat qiymətləri (cari ilin məzunlarının birinci yarım il üzrə qiymətləri) 4 və 5 olan Azərbaycan vətəndaşları malikdirlər. Ali təhsil müəssisəsi tələbəsi və ya məzunu olan şəxslər bu müsabiqədə iştirak etmək hüququna malik deyillər.

Müsabiqə iki mərhələdən ibarətdir: I mərhələdə abituriyentlər DİM tərəfindən 30 aprel tarixində keçiriləcək II və ya III ixtisas qrupları üzrə test imtahanında iştirak edirlər. “Beynəlxalq iqtisadi əlaqələr” və “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olmaq istəyənlər II ixtisas qrupu üzrə, “Beynəlxalq hüquq” ixtisasına qəbul olmaq istəyənlər III ixtisas qrupu üzrə imtahan verirlər. Test imtahanı nəticəsində 500 və daha yüksək bal toplayan, xarici dil fənnindən nisbi balı 50-dən az olmayan abituriyentlər müsahibəyə buraxılacaqlar.

Müsahibə mayın 16-da saat 14:00-da DİM-də keçiriləcək. Müsahibədə abituriyentlərin ümumi dünyagörüşü yoxlanacaq. Müsabiqədə ən yüksək nəticə göstərən 3 nəfərin namizədliyi MDBƏİ-yə ödənişsiz təhsil forması üzrə təhsil alması üçün təqdim olunacaq.

İkinci mərhələ MDBƏİ tərəfindən Moskva şəhərində cari il 12 və 14 iyulda aparılacaq. Bu mərhələdə abituriyentlərin seçdikləri fakültədən asılı olmayaraq rus və əlavə bir xarici dil üzrə müsabiqədən kənar test imtahanında iştirak etməlidirlər. “Beynəlxalq iqtisadi münasibətlər fakültəsi”nə qəbul olmaq istəyənlər bundan əlavə riyaziyyatdan da imtahan verməlidirlər.

İkinci mərhələ imtahanının məzmunu, nümunə tapşırıqları və digər zəruri məlumatları www.mgimo.ru saytından əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR