İcbari Tibbi Sığorta Agentliyi ambulator müraciətlərin sayını açıqlayıb

 İcbari Tibbi Sığorta Agentliyi ambulator müraciətlərin sayını açıqlayıb
# 18 aprel 2017 10:54 (UTC +04:00)

İcbari Tibbi Sığorta Agentliyi gündəlik daxil olan ambulator müraciətlərin sayını açıqlayıb.

APA-nın xəbərinə görə, İcbari Tibbi Sığorta Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev deyib ki, gündəlik ambulator müraciətlərin sayı xəstəxana üzrə 900-1200 arasında dəyişir. Müraciətlərin formasının müxtəlif olduğunu söyləyən şöbə müdiri qeyd edib ki, əsasən ürək-damar xəstəlikləri, diaqnostik xidmətlər daha çox üstünlük təşkil edir. O bildirib ki, icbari tibbi sığorta hələlik 2 ərazidə tətbiq edildiyi və maaş sistemi yeni olduğu üçün hələlik agentliyə hər hansı ciddi şikayət daxil olmayıb: “İcbari tibbi sığorta səhiyyə sahəsində əsasən maliyyələşmə qurumu olaraq fəaliyyət göstərəcək. İcbari tibbi sığortanın əsas məqsədlərindən biri insanlara əlçatan tibbi xidmətlərə çıxış imkanları verməkdir. Bu maliyyələşmədə vacib elementlərdən biri insanlar xəstələndikdə və tibbi xidmətlərdən istifadə etdikdə xidmətlərin əvəzinin ödənilməsi ilə yanaşı, sağlam mühitin formalaşdırılmasını stimullaşdırmaqdır. Gələcəkdə icbari tibbi sığortanın genişləndirildiyi dövrdə profilaktik tədbirlərin stimullaşdırılmasına dəstək veriləcək. Xüsusilə təhsil və səhiyyə nazirlikləri ilə birgə şagirdlərin sağlam həyat şəraitinin formalaşdırılması, sağlam təhsilin stimullaşdırılması üçün lazımi resurslarla dəstək verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR