BMT Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib

BMT Baş Qərargahında Ekspo 2025 Bakının təqdimat mərasimi keçirilib
# 08 fevral 2018 10:04 (UTC +04:00)

BMT-nin Nyu Yorkdakı baş qərargahında Ümumdünya sərgisi Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupu tərəfindən Azərbaycanın BMT yanında daimi nümayəndəliyi ilə birlikdə Ekspo 2025 Bakı layihəsinin BMT üzv dövlətlərinə təqdimatı keçirilib.

Ekspo 2025 Bakı Əməliyyat katibliyindən APA-ya verilən məlumata görə, təqdimata dünyanın 120-ə yaxın ölkəsindən nümayəndələr iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı Baş Qərargahında Azərbaycanın daimi nümayəndəsi səfir Yaşar Əliyev BMT-nin ən çox sayda dünya ölkələrini bir araya gətirən müstəsna platforma olduğunu bildirərək, Azərbaycanın bu gün “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək təşəbbüsünə dəstəyi səfərbər etmək məqsədilə bu vacib imkandan istifadə etdiyini vurğulayıb.

Sonra təqdimata başlayan Azərbaycanın I vitse-prezidentinin köməkçisi, ölkəmizin Beynəlxalq Sərgilər Bürosunda (BSB) nümayəndə heyətinin rəhbəri səfir Elçin Əmirbəyov Bakının “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyinə namizəd olması təklifinin arxasında dayanan səbəbləri ətraflı şəkildə təqdim edib. O, Bakının təklif etdiyi mövzunu – “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” və Birləşmiş Millətlər Təşkilatının müvafiq Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan təhsil, səhiyyə və məşğulluq alt-mövzularını təfərrüatla izah edib.

Təqdimatdan sonra BMT üzv-dövlətlərinin nümayəndələri Azərbaycanın zəngin tarixi və mədəniyyətini, onun iri-miqyaslı beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsini, ölkəmizin Avropa və Asiya arasında körpü rolunu oynadığını, beynəlxalq multikulturalizm mərkəzi kimi tanındığını, Bakının gözəlliyini və ilk dəfə olaraq “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etmək üçün üstünlüklərini əks etdirən videofilmi izləyiblər.

Ekspo 2025 Bakı layihəsi üzrə danışıqlar qrupunun rəhbəri BMT üzv-dövlətlərini Bakının “Ekspo 2025” sərgisinə ev sahibliyi üçün irəli sürülmüş namizədliyinə müsbət yanaşmağa və 2018-ci ilin noyabr ayında Parisdə BSB-nin Baş Assambleyası sessiyasında keçiriləcək seçkilərdə Azərbaycanın lehinə səs verməyə dəvət edib.

Tədbir haqqında danışan E. Əmirbəyov qeyd edib ki, Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi etməklə, Bakı dünya birliyinə cəmiyyətin və bəşəriyyətin gələcəyini araşdırmaq, bütün dövlətlərə BMT Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün səfərbər olmaq və bu gün planetimizin qarşısında dayanan qlobal təhdidlərin bəzilərini səmərəli şəkildə həll etmək imkanı verəcək: “Ümumdünya Ekspo 2025” sərgisinə ev sahibliyi edəcək ən gənc dövlət kimi Azərbaycan dünya ölkələrini təhsilə, səhiyyəyə və məşğulluğa sərmayə yatırmaq yolu ilə qlobal səviyyədə insan kapitalının inkişaf etdirilməsi üçün yollar tapmağa çağıracaq. Əgər seçilərsə, Bakı ümumdünya “Ekspo” sərgiləri üçün yeni məkan, yeni təyinat nöqtəsi olacaq və heç zaman “Ekspo” sərgilərinə ev sahibliyi etməmiş ölkələri ilhamlandıracaq. Biz dünən BMT-nin Baş Qərargahında çox sayda ölkələrin nümayəndələrini görməkdən şərəf hissi duyduq. Biz Bakının Ekspo 2025-lə bağlı baxışlarını təqdim etməkdən məmnunluq hissi keçirdik. “Ekspo 2025” sərgisinin Bakıda keçirilməsi ilə bağlı layihəmizi təqdim etmək və 2017-ci ilin sentyabr ayında BSB-nin Parisdəki Baş Qərargahında Bakının Ekspo 2025 təklifinin rəsmi təqdim olunmasından sonra keçən dövr ərzində əldə edilmiş irəliləyiş barədə BMT üzv-dövlətlərinə məlumat vermək imkanından məmnun olduq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR